Yerli filmlərdə vulqar ifadələr, psixoloji təsirlər uşaqların beynini necə pozur? - PSİXOLOQ 

Yerli filmlərdə vulqar ifadələr, psixoloji təsirlər uşaqların beynini necə pozur? -

Azərbaycanda kütləvi film istehsalı artmağa başladı. Bu keçid əsasən bir vaxtlar Türk seriallarının ekranlara qadağan edilməsi ilə başladı. Son 5-10 illikdə onlarla film istehsal olundu. Amma bu filmlərin çoxu psixologiyaya, alt şüura təsir edir. Həmçinin sətiraltı ifadələr, vulqar sözlər çoxluq təşkil edir. Film çəkən aktyorlarla yanaşı, bu tendere vinerlər də qoşulub və onların çəkdikləri azyaşlı uşaqların marağına səbəb olur. Bəs bu filmlər azyaşlı insanlara hansı formada təsir edir? 

Psixoloq Fərqanə Mehmanqızı regionnews.az-a danışarkən bildirib ki, film istehsalı azalsan da, keyfiyyət yoxdur, bu səbəbə görə də yerli filmləri izləmir: 

"Türk seriallarının ölkə televiziyalarında yayımı dayandıqdan sonra, mən də yerli filmləri izləmirəm. Amma mən izləmirəm deyə başqası da izləmir kimi fikir formalaşdırmaq düzgün deyil, mənim də ətrafımda yerli filmlərə meyl edənlər, baxanlar var. Televiziya cəmiyyətin hələ ki, informasiya mənbəyidir, ekran qarşısında oturanlar filmə də, xəbərə də baxırlar. Ona görə də, televiziya cəmiyyətin təfəkkürünə birbaşa nüfuz edə bilir. Amma televiziya təkcə müsbət yox, insan psixologiyasında mənfi aura, fikir, düşüncə də formalaşdıra bilir.  Azərbaycan dilinin söz ehtiyyatında söyüşlərin, sətiraltı vulqar ifadələrin olması lazımsız bir şeydir. Çünki yetərincə söz ehtiyyatımız zəngindir. Onu qeyd edim ki, televiziya qarşısında əyləşənlər, o cümlədən də gənclər özlərini izlədikləri film qəhrəmanına bənzədirlər. Onların danışğı, geyim tərzini özlərində formalaşdırmağa çalışırlar. Əgər obraz mənfidirsə onların düşüncələrinə də təsir edəcək, filmdəki danışıq tərzləri və ifadələri əzbərləyəcəklər.  Günümüzdə gördüyümüz odur ki, artıq gənclərin əksəriyyətinin nitqində söyüşlü ifadələr zənginləşir. Vulqar ifadələri uşaqların beynindən silib atmaq isə çətinləşir. Çünki artıq onun beyninə həkk olub. Bu dərinləşib problemə çevrilə bilir. Yaranmış hal nəticəsində cəmiyyətdə onların ünsiyyət problemi yaranmış olur".