Yardımlının bu kəndi Baba Rzayevdən kömək istəyir - SƏBƏB…

Yardımlının bu kəndi Baba Rzayevdən kömək istəyir -

"Salam, ey "Azərişıq"-da o müasir və işıqlı otaqlarda, yumşaq kreslolarda oturub kənd - kəsəyin zülmətini unudan kəslər. 

Sizə Yardımlı rayonunun Peştəsər kəndindən səslənirik və əslində müraciətimizlə müasirliyi unudub da yapışıb qopa bilmədiyiniz sovetdənqalma, çürük- salxaq elektro-ekspanatları diqqətə çatdırırıq. Siz əlavə pullar qazana, yığdığınız pulları yaxşıca yeyə və istehlakçıları ələ salasınız deyə daha susmayacağıq!

Diqqətlə baxın, şəkil və videolarda gördüyünüz istismar müddəti bitmiş çürük dirəkləri, yararsız transformatorları dəyişməyi düşünmürsünüz? 

Bizlər işıqsız qalsaq da olar, əsas "Azərişıq" xərcə düşməsin, kasıblamasın. İllərdir gah qışda qarı, yazda yağışı, yayda da istini və küləyi bəhanə edib yola verdinizsə camaatı, halal olsun sizə. Baba Rzayev də, elə Vüqar Əhmədov da eyni camdan su içib deyəsən, yolları da, işıqsürətli yalanları da eyni qəlibdən çıxıb sanki...

Çəkilişdən də görürsünüz, kəndin mərkəzində olan dirəklər, transformatorlar qədər yeni müasir məktəbimiz də sizə çox küskündür. Dirəklərin və transfarmatorun istismar müddəti çoxdan bitməsi cəhənnəmə, həm də real təhlükə mənbəyidir. Hər an ya dirək aşsa, ya da naqillər sıradan çıxsa zavallı məktəbin üzərinə düşəcək. Onda da nə olacaq bilirsinizmi?

Məktəbin tikintisində dəmir konstruksiyalardan və tez alışan materiallardan istifadə olunub deyə qaçılmaz faciə olacaq, sizin fəaliyyətsizliyiniz və özbaşınalığınız üzündən məktəbdəki azyaşlıların və müəllimlərin taleyinə ölüm hökmü kəsiləcək. Hər il elektrik çarpmasından ölənləri necə də tez unudursunuz. Çünki bunlar sizin vecinizə deyil axı, əksi olsaydı illərdi tədbir görülərdi.

Şəkillərdə gördüyünüz ağ rəngli dirəklər isə çəkməyi planlaşdırdığınız yeni xəttin nişanələrindəndir. Sanki pulu ayıranlar da işin dəyərini əvvəldən yarımçıq hesablayıblar, ya da tenderdənkənar qaydada büdcəni basıb özünüz yemisiniz deyə iş ağzıüstə qalıb. Günahı da rəhbər sələfiniz Baba kişidə görürsünüzsə cadu- pitidən qorxmayıb açın deyin. Belə olmaz axı, cənablar!..

Dirəklərin basdırılmasından 9 ay ötsə də bu işi başlayanları gördüm deyən yoxdur. "Azərişıq" üçün xətt çəkilişləri, elektrik enerjisi təchizatını yaxşılaşdırmaq əsas öhdəlik deyilmi sizlərə? Köhnənin təmirinə vəsaitiniz yoxdur deməyin və indi də Qarabağın abadlığını, işıqlandırma işlərini bəhanə edib Azərbaycanın digər bölgələrini ələ salmayın. Cənab Prezidentimiz əvvəllərdə olduğu kimi indi də Qarabağla bərabər digər bölgələrin inkişafını diqqətdə saxlayır və büdcə vəsaitindən ayrılmalar bütün ölkəmizi əhatə edir. 

Sadaladıqlarımız isə " Azərişıq" üçün həlli vacib olan ictimai-sosial tələbdir. Qəti əminik ki, gecə - gündüz sərəncamlar imzalayıb xalqın dərdinə yanan prezident cənab İlham Əliyev bu cür problemlərin varlığını tam bilmir. Çünki hər hesabatınızda deyirsiz ki, köhnələri təzələyib işləri yoluna qoymusunuz.

Heyif ki, "Azərişıq" ASC-də də bəzi yuxarı məmurlar iti tamahları ucbatından onlara olan ali etimada dönük çıxıb satdıqları enerjini çürük taxta-şalbanda daşıyırlar camaata. Şəxsi mənafelərini üstün tuturlar.
Fürsət ikən onu da deyək ki, "Azərişıq" bari bu müqəddəs ramazanda özlərinin aşıladıqları sözügedən problemlərinin həllinə can atın. Axı dirək də, əhaliyə satdıqları elektrik də, biz biçarələr də "Azərişıq" adlı dövlət qurumu ilə birgə bu məmləkəti bölüşürük!!!?"

Hörmətlə: Yardımlı rayonunun Peştəsər kənd sakinləri

(infom.az)