"Yaponiya Monqolustanla ittifaq qurur" - ŞƏRH 

"Yaponiya Monqolustanla ittifaq qurur" -

"Yaponiyanın bir qrup millət vəkili “Monqolustan mədəniyyəti Çin hökumətinin assimilyasiya siyasətindən qorunmalıdır” istiqamətli parlament ittifaqının əsasını qoyub. Bu o deməkdir ki, Çinə qonşu olan digər ölkələr kimi Monqolustan da Pekinin regional siyasətindən narazıdır. İttifaqa Liberal Demokrat Partiyasının üzvlərindən biri, Yaponiyanın keçmiş daxili işlər və rabitə naziri Sanae Takaiçi rəhbərlik edəcək". 

RegionNews.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, ittifaqın yaradılmasında məqsəd  Çin Kommunist Partiyasının assimilyasiya siyasəti nəticəsində təhdid altında olan monqolları qorumaqdır: 

"Məsələ burasındadır ki, Çində yaşayan digər etnik azlıqlar kimi monqollar da məcburi assimilyasiyaya məruz qalırlar, ana dillərində tədris ala bilmirlər. Çində monqol dili təhlükə altındadır. Yaponiyada yaşayan monqollar da Tokionun ittifaqla bağlı təşəbbüsünü dəstəkləyir. Tokionun qərarının Çindəki monqolları cəsarətləndirəcəyi bildirilir" 

E. Şahinoğlu qeyd edib ki, Yaponiya son illərdə Monqolustana maraq göstərir, bu ölkə ilə əlaqələri genişləndirir: 

"Keçmiş illər Yaponiyadan müxtəlif heyətlər Monqolustanda səfərdə olub, ikitərəfli əlaqələri genişləndirməyə çalışıblar. İkinci Dünya Müharibəsi illərində Monqolustan da digər ölkələr kimi Yaponiyanın militarist siyasətindən əziyət çəkib. Ancaq indi hər iki ölkə tarixin bu səhifəsini qapatmağa nail olub. Bu gün həm Yaponiyanı, həm də Monqolustanı Çinin regional siyasəti narahat edir. Çinin iqtisadiyyatı inkişaf etdikdə Pekinin hərbi iştahası da artır. Bu təhlükə  Monqolustanla Yaponiyanı yaxınlaşdırır.  

Yaponiya keçmiş illərdə Çinin daxili işlərinə qarışmır və insan haqlarının pozulmasıyla bağlı açıqlamalar vermirdi. İndi tam tərsinədir. Yaponiya rəsmiləri Çində uyğurların üzləşdiyi zorakılıqlardan tutmuş Honkonqa edilən təzyiqlərə qədər bütün mövzulara maraq göstərir və bəyanatlar yayırlar. Bugünlərdə Yaponiyanın xarici işlər naziri çinli həmkarına zəng edərək Tokionun deyilənlər bağlı narahatlığını onun diqqətinə çatdırıb". 

Politoloq əlavə edib ki, Pekin kimsənin Çinin daxili işlərinə qarşımasını, uyğur və ya Honkonq məsələsindən danışmasını istəmir: 

"Ancaq bu haqda artır tək Amerika və ya Böyük Britaniya danışmır, Hindistan, Avstraliya və Yaponiya da narazılıqalarını dilə gətirirlər. Misal üçün Yaponiya parlamentində insan haqlarıyla bağlı qanunun hazırlanması üzərində xüsusi qrup çalışır. Bu qanun qəbul edilərsə, gələcəkdə Yaponiya da insan haqlarının pozulmasına görə Çinə qarşı sanksiyalar tətbiq edə bilər. 

Bu arada, Yaponiya Hindistanla ittifaqı gücləndirir. Hər iki ölkə 2+2 fotmatında (Yaponiya, Hindistan + ABŞ və Avstraliya) görüşə hazırlaşırlar. Formata daxil olan ölkələri Çinin Sakit okean bölgəsində artan hərbi qüdrəti narahat edir. Çin bölgədəki adalara iddiasını ortaya qoyub. Bu isə bölgə ölkələrinin maraqlarına ziddir. Bölgə ölkələri Sakit okeanda azad hərəkətin tərəfdarıdırlar, adalarda Çinin hərbi bazalar olduqda isə gəmilərin azad hərəkəti və ticarət üçün çətinliklər yaranır".