Xəzər yenə Kürə girdi - Neftçalaya “ÇATIB”

Xəzər yenə Kürə girdi -

Kürətrafı rayonlarda su qıtlığı problemi yenidən aktuallaşıb. Çayın suyu ötən illərdə olduğu kimi, o qədər azalıb ki, Xəzər dənizinin duzlu suyu çaya qarışaraq axının əksi istiqamətində irəliləyib. 

Bu səbəbdən Neftçalanın Aşağı Surra kəndinin sakinlərini çətin duruma düşüb. Mal-qara duzlu su qarışmış sudan içmir, pambıq sahələrinin suvarılması mümkün olmur. 

Neftçala Rayon İcra Hakimiyytindən yerli mətbuata verilən açıqlamaya görə, əhalinin içməli suya olan təlabatının ödənilməsi məqsədi ilə rayondakı yaşayış məntəqələrində hər birinin 5 tonluq su tutumu olan 145 ədəd plastik su çəni qoyulub. Ayrılan 12 su maşını vasitəsi ilə həmin çənlər su ilə doldurulur və əhali ondan istifadə edir.

Kürün Salyan rayonu ərazisindən keçən hissəsində isə iyun ayının 1-dən indiyədək suyun səviyyəsinin 1,6 metr aşağı düşdüyü, çayda adaların  yarandığı barədə məlumatlar yayılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Bizim.Media-ya açıqlamasında bildirib ki, iyul ayının 1-dən indiyədək Kür çayının aşağı hissələrində tərəddüd müşahidə olunur:

“Yəni Kürün səviyyəsi artıb-azalır. Əgər ayın 1-dən 9-na kimi suyun səviyyəsində azalma olubsa, 9-dan başlayaraq bu günə qədər atrım qeydə alınıb. Kürün Şirvan ərazisində 14 santimetr artım olub. Salyan ərazisində isə iyul ayının 1-dən bu günə qədər 16 santimetr azalma müşahidə olunmub, amma bu gün 11 santimetr atrım qeydə alınıb”.

Ötən illə müqayisədə Kürün aşağı hissəsində suyun səviyyəsinin aşağı olduğunu deyən Baş hidroloq qeyd edib ki, bu duruma suya olan təlabatın artımı, eyni zamanda Kür çayının sağ və sol qollarına tökülən kiçik çaylarda sululuğun azalması səbəb olub. Həmin çayların səviyyəsinin enməsinə isə yağıntıların az olması səbəb olub.

Asif Verdiyev Xəzərin Kürə qarışmasının səbəbləri barədə danışıb: 

“Bizim xidməti ekspertlər də orada monitorinq aparıblar. Suyun az olması ilə əlaqədar olaraq, bəzən Şimal, Şimal-Şərq küləyi əsən zaman suyun dənizdən çaya doğru istiqamətlənməsi baş verir. Bu da suyun az olması ilə əlaqədardır”.

Qarşıdakı aylarda vəziyyətin necə olacağına gəlincə, nazirlik təmsilçisi bildirib ki, avqust, sentyabr ayları da isti aylardır: 

“Ötən illərdə bu aylarda da azalma prosesi müşahidə edilmişdi. Bu il vəziyyət hava şəraitindən asılı olacaq. Son günlər yağışlarla əlaqədar olaraq, Mingəçevir su anbarından Qanıq, Kür çaylarına axan hissədə sululuq artıb. Digər tərəfdən iyul ayının 15-i gündüzə qədər bölgədə yağıntılı hava şəraiti davam edəcək, bununla əlaqədar həm Qanıq, həm də Kür çaylarında sululuğun artımı gözlənilir, bu da çayın aşağı hissələrinə nisbətən də olsa öz təsirini göstərəcək.  

Nazirlik rəsmisi qeyd edib ki, quraqlığın qarşısının alınması üçün sudan qənaətlə istifadə edilməli, su itgiləri minimum səviyyəyə endirilməlidir. 

Qeyd edək ki, bəzi mütəxəssislər hesab edirlər ki, Kürün deltasında süni maneələr yaratmaqla çayın səviyyəsi artırıla bilər.

Eləcə də Mingəçevir su anbarından buraxılan suyun həcmi artırılması ilə bağlı təkliflər var.