"Xəzərə yaxından baxmaq da ödənişlidir - FOTOLAR

"Xəzərə yaxından baxmaq da ödənişlidir -

Yay fəsli yaxınlaşır, Xəzər uzaqlaşır. Günəş var, ancaq dəniz yoxdur. Qapalı qapılar arxasında, hündür divarlar ardında, quruya yaxın bizdən uzaq dənizə qovuşmaq mümkündürmü?

Dənizin müəyyən şəxslər tərəfindən hasarlanması məsələsi hər zaman problem olaraq qalsa da, yay aylarında daha çox gündəmə gəlir.

Hasarlanma, dəniz sahilinə girişin pullu olması haqqlı olaraq əhalidə narazılığa səbəb olur.

Əslində 2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyev Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Məcəllənin 46-cı maddəsinə təklif edilən dəyişikliklərə əsasən, ictimai çimərliklərlə bağlı tələblər müəyyənləşib. Belə ki, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

Ancaq təəssüflər olsun ki, illərdir dənizi hasarlayanlar bu qanuna dəyişikliyə məhəl də qoymurlar.

Belə ki, Bakıda bəzi qəsəbələrdə dənizi hiss etmək, dənizə toxunmaq, dənizi görmək müşkül məsələyə çevrilib. Belə ərazilər Pirşağı, Buzovna, Şıx çimərliyi və digər sahil kəndlərində müşahidə edilir.

Buzovna qəsəbəsində sahilin bir hissəsi xalq çimərliyidir. Bir qədər aralıda isə ötən il İDEA–nın dəstəyi ilə ictimai çimərlik yaradılıb. Sahil boyu hərəkət etdikcə isə, dənizin hasarlanmasına şahid oluruq.

Hasarlanma bir kənara nəqliyyat vasitələrinin daxil olması üçün qoyulan giriş hissələrinə isə şlaqbaumlar qoyulub.

Giriş haqqı isə 1 manatdır.

Mərdəkan sahillərində də istirahət mərkəzləri muncuq kimi sıraya düzülüb. Yəni dənizi görmək üçün ən azı 1 manatından keçməlisən.

Xəzərin Novxanı-Corat sahillərində isə xalq çimərliyi hələ də var. Yəni istirahət mərkəzləri çox olsa da, dənizin kənarına düşüb, hava almaq, piknik etmək üçün hələ də boş ərazilər var.

Dənizin Şıx ərazisində sahilləri də çoxdan mənimsənilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsi — Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulması hallarını tənzimləyir.

Belə ki, maddəyə görə, həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması qadağandır. İnzibati Xətalar Məcəlləsinə görə, bu kimi hallar baş verdiyi zaman fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.

Ancaq görünən odur ki, müvafiq icra hakimiyyəti orqanları məsələyə ya göz yumur, ya da bu işdə onların da xüsusi marağı var.

(bizimyol.info)