Vaksin olunanlara YAŞIL, olmayanlara QIRMIZI işıq – Yeni karantin qaydaları belə olacaq

Vaksin olunanlara YAŞIL, olmayanlara QIRMIZI işıq –

Ötən il pandemiya ilə bağlı məhdudiyyətlər Azərbaycan iqtisadiyyatına ciddi zərbə vurdu. Qapanma və məhdudiyyətlərin, işszliyin nəticəsində iqtisadi inkişaf tempi aşağı düşdü.
Açıqlanan rəsmi rəqəmlərə görə, iqtisadiyyatımız 4,3 faiz kiçildi.
Bu il də artıq yoluxma sayının sürətlə artması qapanma mövzusunu aktuallaşdırıb. Növbəti dəfə məhdudiyyətlər tətbiq olunarsa, bunun iqtisadiyyatımıza təsiri necə olacaq? 

İqtisadçı Rəşad Həsənov hesab edir ki, müxtəlif sahələrdə qapanma zərurəti yaransa da, 2020-ci ilin yanaşması tətbiq olmayacaq.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, qapanma qərarı ilə bağlı daha liberal mövqenin ortaya qoyulacağını gözləyir:
“Məsələn, ticarət mərkəzləri, iaşə xidmətləri fəaliyyət göstərəcək, amma onların xidmətindən istifadə zamanı vaksin pasportu tələb ediləcək. Burada qərar qəbul edilənədək vaksinasiyadakı sürət də vacibdir. Bundan asılı olaraq yaranacaq risklər və zərərlərin miqdarı dəyişə bilər”.

İqtisadçı bildirib ki, qapanma qərarı olarsa, regionlara səfərlər zamanı vaksin pasportunun tələb olunması gözlənilə bilər:
“Ötən il regonlararası səfərlərin məhdudlaşdırılması ilə əlaqədar olaraq sərnişindaşıma ciddi zərər dəyən sahələrdən oldu. Bu il isə bənzər qərar qəbul edilərsə, yəqin ki, vaksin pasportu olanlara şamil edilməyəcək. Bu da turizmin ayrı-ayrı sahələrinin tam qapanması deyl, ayrı-ayrı şərtlər altında fəaliyyət göstərməsi demək olacaq”
Rəşad Həsənovun fikrincə, bu dəfəki qapanmalar uzunmüddətli olmaya bilər:
 “Ötən il rəsmi rəqəmlərdə pandemiyanın ümümdaxili məhsula təsirinin 7 faizdən artıq olduğunu gördük. Amma qeyri rəsmi zərərlər daha böyük oldu.

Çünki iqtisadiyyatın “kölgə” hissəsi daha ciddi zərər gördü. 2021-ci il ərzində qısamüddətli  - 1 ay, 1 ay yarım qapanma olarsa, onun iqtisadiyyat və ÜDM –də effekti 0,5 -1 faiz ola bilər”.