Üçüncü doza peyvəndi niyə vurdurmalıyıq? -

Üçüncü doza peyvəndi niyə vurdurmalıyıq? -

"Aparılan təhqiqatlara əsasən 6-8 aydan sonra peyvəndin qoruyuculuğu azalır".

Bu sözləri Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O bildirib ki, pandemiya davam etdiyi üçün bunun riskləri çoxdur:

“Payız mövsümi ilə əlaqəli olaraq bəzi narahatlıqlarımız var. Çünki yoluxma sayının artımı ola bilər. Digər dünya ölkələrində olduğumu kimi, Azərbaycanda da koronavirusdan qorunmaq üçün üçüncü dozanın (buster doza) vurulmasını tövsiyə edirik”.

T.Eyvazov xatırladıb ki, ölkədə ilk olaraq Çinin “Sinovac” şirkətinə məxsus “CoronaVAC” peyvəndindən istifadə edilib:

“Hazırda vətəndaşlar dörd fərqli peyvənd növündən istifadə edə bilərlər. Bununla bağlı hər iki dozanın eyni olması barədə məlumatlar vermişik. Buster dozanın fərqli olması isə mümkündür. Çünki üçüncü doza ilə bağlı konkret qərar, araşdırma yoxdur.

Həm virusla mübarizə aparmaq, həm də insanların özlərini qoruması üçün üçüncü dozadan istifadə vacibdir”.

Mütəxəssis-ekspert əlavə edib ki, hazırda ölkədə istifadə edilən peyvəndlərin hamısı koronavirusa və onun mutasiyalarına qarşı effektivdir:

“Yeni virus mutasiyaları, həmçinin Azərbaycanda olan “Delta” ştammına da peyvəndlərin müəyyən qədər effektləri var. Mutasiyalarda effektivliyin az olması isə 10-20 % arası dəyişir. Yəni, elə də böyük deyil. Buna görə də hər kəs peyvənd olunmalı, bununla yanaşı da üçüncü dozadan da istifadə etməlidir”.

Qeyd edək ki, İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozanın qəbulundan sonra yan fəsadlar nadir hallarda müşahidə olunub və onlar birinci, ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir.