Turistlər rayonlarımızdakı mehmanxanalardan üz döndərib – Niyə Bakını seçirlər?

Turistlər rayonlarımızdakı mehmanxanalardan üz döndərib –

Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin əksəriyyətinin regionlarda yerləşməsinə baxmayaraq xarici turistlərin əksəriyyəti Bakıda olan mehmanxanalara üstünlük verir. Rəsmi məlumatların təhlili göstərir ki, 2021-ci ilin birinci yarısında mehmanxanalarda qalan əcnəbilərin 90 faizə yaxını Bakı mehmanxanalarında gecələyiblər. 

“RegionNews.az” xəbər verir ki, ilk 6 ayda 94 710 əcnəbi mehmanxanalarda qalıb. Onların 84 mini Bakı mehmanxanalarında yerləşib. Regionlardan Qusar rayonunda 3 512, Naxçıvan MR-da 2 317, Qəbələ rayonunda 1 471 əcnəbi qalıb. 
Əcnəbilərin daha çox Bakı mehmanxanalarına üstünlük verməsi 2020-ci ilin birinci yarısında da müşahidə edilib. Həmin dövrdə mehmanxanalarda yerləşən 341 min əcnəbinin 256 mindən çoxu, yəni 75 faizi paytaxtda qalmağı məqsədəuyğun bilib. 
Mehmanxanalarda daha çox Türkiyə vətəndaşları yerləşib. İlin birinci yarısında 20,88 min türkiyəli Azərbaycan mehmanxanalarında qalıb. Böyük Britaniyadan 20,12 min, Rusiyadan 13,2 min, İtaliyadan 6,7 min turist mehmanxanalda yerləşib.
Əcnəbilərin daha çox hissəsinin Bakıda qalması mehmanxanaların gəlir bölgüsündə paytaxtı önə keçirdib. Birinci yarımildə ölkə üzrə mehmanxanalarda qalan şəxslərin yarısının Bakıda yerləşməsinə baxmayaraq paytaxt mehmanxanalarının gəliri ümumi gəlirin 64 faizini təşkil edib. Bakı mehmanxanalarının daha çox gəlir əldə etməsi məhz əcnəbilərin paytaxta üstünlük verməsidir. Əcnəbilər daha çox bahalı mehmanxanalarda qaldığından Bakı mehmanxanalarının gəliri də çox olub. (sfera.az)