""Soyqırım" iddiası nəticə verməyəcək, Amerika-Türkiyə münasibətləri pozulacaq"- Zərdüşt Əlizadə

""Soyqırım" iddiası nəticə verməyəcək, Amerika-Türkiyə münasibətləri pozulacaq"-

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti CO Bayden "soyqırımı" məsələsini yenidən gündəmə gətirib. O,1915-ci il hadisələrindən danışarkən “soyqırımı” ifadəsini işlədib. Baydenin bu çıxışı yenidən siyasət meydanında müzakirələr yaradıb. Maraqlıdır, Bayden tələm-tələsik bu məsələni qaldırmaqla Türkiyəyə, eləcə də dünyaya hansı mesajları vermiş olur və Türkiyəni nə gözləyir? 

Mövzunu regionnews.az-a şərh edən politoloq Zərdüşt Əlizadə hesab edir ki, bu iddia çox mənasız bir şeydir, elə düşünün ki, italyanlar məsələ qaldırır ki, Roma imperiyası bərpa olunmalıdır, Böyük Britaniya Roma şəhərinə tabe olmalıdır: 

"Belə hadisələr tarixdə olub, bu barədə tarixçilərin müxtəlif fikirləri var. Osmanlı hökumətinin qərarı ilə Türkiyənin şərqində olan erməni ailələri köçürülməli olub. Bu zaman müqavimət olub. Bəzi deyilənlərə görə, 250 min adam ölüb, qalanları köçürülüb gedib. Bu hadisədən sonra 33 il sonra faşist Almaniyasının yəhudilərə qarşı törətdiyi qırğın olub. Hüquqda belə bir şey var: qanunun geriyə qüvvəsi yoxdur. Əgər siz bu gün bir adam öldürürdüyünüzə görə həbs cəzası almısınızsa, sabah qərar çıxsa ki, adam öldürməyə görə cəza verilmir, o qərar sizə şamil olunmayacaq. Sovet tarixində bunun əksi baş vermişdi, bu, bütün qanun sisteminə gülməli hadisə kimi düşmüşdü. 21-ci əsrdə bu hadisəni yenidən qabartmaq ermənilərə nə verəcək? Onlar ən uzağı Amerika məhkəmələrinə müraciət edəcəklər, itirdikləri mülkiyyəti və pul təzminatı tələb edəcəklər. Amerika məhkəmələri Türkiyəyə qarşı qərar çıxaracaqlar. Türkiyə bu qərarları icra etməyəndə Amerikan vəkilləri konqresə müraciət edəcək. Konqres qərar çıxaracaq ki, Türkiyəyə sanksiya tətbiq olunsun. Beləliklə Amerika-Türkiyə münasibətləri yəqinləşəcək -pozulacaq. Bu Amerikaya lazımdırmı? Amerika balaca bir dövlətə görə Türkiyəylə beynəlxalq müttəfiqliyi korlamağa hazırdımı? Ermənilər buna ümid edir. Onlar başa düşmür ki, bu kimi iddiaları qalxdıqca bütün dünya onların alət bir ölkə kimi tanıyırlar. Üstəlik qonşuluq münasibətləri korlanır. Əgər bu iddia olmasaydı, bəlkə də Türkiyəylə Ermənistan münasibətləri normallaşa bilərdi. Bundan sonra normallaşmadan danışmaq olmaz. Erməni havadarları da başa düşmək istəmir. Əslində bütün millətlər yaxşıdır, amma bəzən içində xeyli pis adam olur və xalqı zəhərləyir.  Ermənilər anlamır ki, Türkiyəylə münasibət onların xeyrinədir. Qarabağ müharibəsi zamanı xeyli itkiləri oldu, amma erməni xalqı hesab edir ki, bu ülvi hisslər naminə olub. Soyqırım iddiası heç bir nəticə verməyəcək". 

Politoloq bu məsələdə Azərbaycanın qardaş Türkiyəyə dəstək göstərməsinə də münasibət bildirib. Politoloq deyir ki, Azərbaycan-Türkiyə qarşılıqlı şəkildə həmrəylik nümayiş etdirir: 

"Bundan artıq nə edə bilərik? Ermənistanla münasibət yoxdur. Amerika dövləti dünyanın elə vacib ölkəsidir ki, ondan küsmək "ayı meşədən küsüb" anlayışına gəlir. Hər bir dövlət imperialist dövlətin qüsurları ilə barışmağa məcburdur. Biz kiçik dövlətik, elə Türkiyə də Amerika ilə müqayisədə kiçik dövlətdir. Rusiya da imperialist dövlətdir, bütün qonşulara zülm edir. Qonşular köçüb gedə bilməz, onlar Rusiyanın ədalətsizliyinə məcburdur. Amerika da belə dünyaya zülm edir. Amma dünya buna dözməlidir, çünki böyük dövlətdir".