Şirvan və Sabirabad sakinlərindən “patı” aşkarlandı - FOTO

Şirvan sakinindən metamfetamin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəhər sakini, 45 yaşlı Fəxrəddin Mirzəyev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı “patı” və “şüşə” adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Şıxlar kənd sakini Mürvət Rzayev saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı oradan “patı” adlanan narkotik maddə olan metamfetamin, tiryək və heroin, bir ədəd elektron tərəzi, həyətyanı sahədən isə bir ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktlarla bağlı Rayon Polis Şöbələrində cinayət işləri açılıb, araşdırmalar aparılır.