Sarıqamış kənd sakinləri rabitə xidmətinin səviyyəsindən şikayətçidirlər - VİDEO

Sarıqamış kənd sakinləri rabitə xidmətinin səviyyəsindən şikayətçidirlər -

Samux rayonunun Sarıqamış kəndinin sakinləri 21-ci əsrdə yaşasalar da, müasir texnologiyaların verdiyi imkanlardan istifadə edə bilmirlər.

Kənddə telefon rabitəsi yararsız vəziyyətdə, internet xidməti isə demək olar, yox səviyyəsindədir. İnternetin sürəti də heç bir əməliyyatı aparmağa imkan vermir. Kənd sakinlərinin sözlərinə görə, güclü külək əsdiyi zaman rabitə xətləri qırılır, telefonlar işləmir. Kənddə internet xidmətinin yox dərəcədə olması səbəbindən məktəblilər də onlayn dərs imkanlarından yararlana bilmirlər. 

Sakinlər bildirir ki, Sarıqamış kəndində rabitə xətləri təxminən 10 il bundan əvvəl, özü də yarımçıq formada çəkilib. Bu gün yararsız vəziyyətdə olan xətlər isə kustar üsulla hazırlanıb. Kənd sakini Röyal Quliyev “Rabitə texnologiyaları və kompüter istismarı üzrə operator” ixtisasına yiyələnib. O deyir ki, iş axtarmaq üçün dəfələrlə internet xidmətindən istifadə etmək istəyib. Lakin kəndə verilən internetin sürəti çox zəif olduğundan istəyinə nail ola bilməyib. 

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, ölkə ərazisində internet xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə şəhərlərdə və regionlarda davamlı olaraq yeni nəsil texnologiyaların tətbiqi aparılır. Samux rayonu, o cümlədən sözügedən Sarıqamış kəndində də dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində GPON (Gigabyte Passive Optical Network ) texnologiyası əsasında şəbəkənin qurulması isə 2022-ci il üçün nəzərdə tutulub. Bu da o deməkdir ki, Sarıqamış kəndinin sakinləri internet və rabitə xidmətlərindən rahat istifadə üçün daha bir il gözləməli olacaqlar. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: