Şamaxıda leysan bir sıra fəsadlar törədib, torpaq sürüşməsi olub

Şamaxıda leysan bir sıra fəsadlar törədib, torpaq sürüşməsi olub

Şamaxı rayonunda bir necə gündür ki, yağan leysan yağışları və dolu bir sıra fəsadlara səbəb olub.

“RegionNews.az” xəbər verir ki, son günlər yağan yağışlar nəticəsində Ağsu çayında suyun səviyyəsi artaraq öz məcrasından çıxıb. Nəticədə Şamaxı şəhərinin dağlıq ərazidə yerləşən bir neçə kəndlə nəqliyyat əlaqəsi kəsilib. Məlumata görə, güclü leysan yağışları Şamaxının Qəleybuğurd, Sis, Keçmədin, Qaladərəsi kəndlərində bir sıra fəsadlar törədib. Qaleybuğurd və Sis kəndlərinin ərazisindən keçən Ağsu çayında suyun səviyyəsi qalxaraq avtomobil yolunu dağıdıb. Ərazidə körpü olmadığı üçün onlarla sürücü yolda qalıb, kəndlərə gediş-gəliş dayanıb.

Güclü sel suları çayın məcrasından çıxaraq yatağın genişlənməsinə səbəb olub. Bu da kənddə torpaq sürüşməsinə və yolların çökməsinə səbəb olub.

Sel suları kənd ərazisindən keçən elektrik dirəklərini aşırıb, qaz borularını qoparıb, kənd sakinlərinə məxsus təsərrüfatlara ciddi ziyan dəyib.

Bu gün günorta saatlarından sonra əraziyə canlı qüvvə və texnikalar cəlb olunub, hazırda kəndlərə gediş-gəlişi bərpa etmək üçün tədbirlər görülür.

Qeyd edək ki, hazırda Şamaxı rayonunda güclü leysan yağışı davam edir. (APA)