Şəki və Yevlaxda dörd kəndin yolu təmir edildi

Şəki və Yevlaxda dörd kəndin yolu təmir edildi
Şəki və Yevlaxda 19 km uzunluğa malik dörd kəndin yolu əsaslı şəkildə yenidən qurulub.
 
Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı verdiyi tapşırığa əsasən, Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonları ərazisində 10 kənd yolu layihəsinin icrasına start verilib.
 
Bildirilib ki, artıq həmin kənd yollarının bir-çoxunda yenidənqurma işləri tamamlanıb.
 
Bu Şəki rayonu ərazisində Təpəcənnət və Dərəcənnət kəndlərinin, Yevlax rayonunda isə Qaraoğlan və Quşçu kəndlərinin yollarıdır.
 
Qeyd edək ki, Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində Şəki rayonu Dərəcənnət və Təpəcənnət, Yevlax rayonu Qaraoğlan və Quşçu, Ucar rayonu Alpı və Qulabənd, Zərbad rayonu Yarməmmədbağı, Körpükənd və Əlvənd və Ağcabədi rayonu Şənlik kənd yollarının bərpasının maliyyələşdirilməsi qərara alınıb.
 
AAYDA tərəfindən icra edilən layihəyə əsasən qeyd edilən kənd yollarının ümumi uzunluğu 61.7 kilometrdir.
 
Layihəyə uyğun olaraq Yevlax rayonunda da iki kənd yolunun yenidən qurulması icra olunaraq yekunlaşdırılıb. Bu 4.4 km uzunluğa malik Qaraoğlan və 3.2 km-lik Quşçu kənd yollarıdır.
 
Ucar rayonu Alpı və Qulabənd, Zərbad rayonu Yarməmmədbağı, Körpükənd və Əlvənd, Ağcabədi rayonu Şənlik kənd yollarının yenidən qurulması isə son mərhələ üzrə davam etdirilərək yekunlaşdırılır.