Rusiya indi də sərhədə gəlmək istəyir: “Məsələ Ermənistan və Azərbaycan arasındadır, öz aramızda da həll edək” - Zərdüşt Əlizadə

Rusiya indi də sərhədə gəlmək istəyir:

Rusiya Azərbaycan və Ermənistan arasında sərhəddə başlayan gərginliyin aradan qaldırılmasında kömək edə bilər, ancaq bu zaman hər iki dövlət müraciət etməlidir.

RegionNews.az xəbər verir ki, bu sözləri jurnalistlərə Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib. O, bunun normal hal olduğunu vurğulayıb:

"Tərəflər belə bir şəraitdə bizə kömək, yardım, vasitəçilik üçün müraciət edirlər, özü də 9 noyabr və 11 yanvar tarixli bəyanatların hazırlanması kontekstində təcrübə mövcuddur. Buna görə də belə bir müraciət yalnız tərəflərdən birindən deyil, bütün iştirakçılardan gəlsə, mən Azərbaycanı və Ermənistanı nəzərdə tuturam, o zaman əlimizdən gələn köməyi göstərməyə hazır olacağıq”.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib ki, Rusiya ancaq öz mənafelərini təmin etmək istəyir:

“Nə bizi, nə də erməniləri saya salır. İndi Azərbaycanın da, Ermənistanın da məntiqli düşünmək qabiliyyəti olsa, bütün məsələləri öz aramızda həll edə bilərik. Ümumiyyətlə, vasitəçilərdən mümkün qədər imtina etmək lazımdır. İki tərəf arasında hansısa məsələ varsa, oturub müzakirə etməlidirlər. Bundan sonra öz aralarında ortaq nöqtə tapırlar. Bu, ən asan və ən sadə yoldur. Vasitəçi çağıranda, o çalışır öz mənafelərini də təmin eləsin. Elə həll tapmağa çalışır ki, orada əsas onun mənafeyi təmin olunsun. Bu, bizə, Ermənistana lazımdır? İndiyə qədər bizim və erməni xalqının başına gələn ən böyük bəla ondan ibarətdir ki, heç vaxt özümüz oturub danışmırıq. Həmişə “day-day”, vasitəçi, havadar və ya müdafiəçi axtarmışıq. 30 il beynəlxaql siyasətin aləti olmuşuq. Bu münaqişə həll olunma ərəfəsində Rusiya yenə peyda oldu. İndi də Azərbaycan-Ermənistan arasında məsələləri hamısının müzakirəsində vasitəçi olmaq istəyir. Üçtərəfli bəyanatda Rusiya var, Baş nazirin müavinlərinin bəyanatında Rusiya var, indi də sərhəd məsələsində Rusiya olmaq istəyir. Bu sərhəd Ermənistan-Azərbaycan arasındadır, Rusiya da deyir ki, çağırın biz də gələk”.