REAL parlamentdə 2 yer qazanmaq istəyir? – Fikirlər haçalandı - Qalmaqal!

REAL parlamentdə 2 yer qazanmaq istəyir? – Fikirlər haçalandı -
Bu günlərdə REAL partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb. Görüşdə ölkə gündəmində olan bir sıra məsələlərə toxunulub. Media haqqında qəbul olunmuş yeni qanun layihəsi, QHT qanunvericiliyə əlavə və dəyişikliklər haqqında REAL partiyasının Milli Məclisə təqdim etdiyi paket, siyasi partiyalar haqqında yeni qanunun qəbulu perspektivləri, əlavə və təkrar parlament seçkilərinin keçirilməsi məsələləri müzakirə edilib.  Dialoqdan sonra sosial şəbəkələrdə görüş barəsində müxtəlif fikirlər irəli sürülüb. Jurnalist, siyasi şərhçi Aqşin Kərimov Feysbuk hesabında məsələyə münasibət bildirib:
“Hazırda Milli Məclisdə 5 deputat yeri boşdur. Eldəniz Səlimovun mandatına xitam verilsə, 6 olacaq. Həmin yerlərin doldurulması üçün təkrar parlament seçkilərinin keçirilməsi gözlənilir. Düşünürəm ki, REAL Partiyasına daha bir yer “verilməsi” üçün müzakirələr gedir. REAL sədri İlqar Məmmədov bu yaxınlarda Prezident Administrasiyasında görüş keçirib və müzakirə mövzularından biri təkrar seçkilər olub. REAL çalışır ki, daha bir mandat yeri qazansın. Parlamentdə 2 yer qazansa, (hazırda birdir) bu, REAL-a dövlət büdcəsindən ayrılan məbləğin həcmini də artıracaq”.
REAL Partiyasının sədr müavini Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında A.Kərimovun iddialarına cavab verib:
“Fərziyyələr söyləyirlər. Hamı da elə düşünür. Deputat mandatı verilmir, ora seçkilər keçirilir və millət vəkili seçilir. Seçkiləri gözdən salırlar. Digər tərəfdən ictimai xadimlərin, jurnalistlərin seçkini gözdən saldığını görəndə adam pis olur. Hər kəs seçki institutuna hörmət qazandırmağa çalışmalıdır. Belə xəbərlər zatən gözdən düşən seçki institunu yenidən gözdən salır”.