Rayonlardakı ağır vəziyyət, işsizlik...- MM-də gərgin müzakirə

Rayonlardakı ağır vəziyyət, işsizlik...-

Parlamentdə “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarıb.

“RegionNews.az” xəbər verir ki, qanun layihəsini komitə sədri Musa Quliyev təqdim edib.

Dəyişikliklə müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur.

Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq.

Deputat Əli Məsimli deyib ki, öz ərizəsi ilə işdən çıxan şəxs Məşğulluq İdarəsindən kompensasiya ala bilmir: “Əvvəl ala bilirdi. Pandemiyanın tüğyan etdiyi dövrdə, insanların minimum təlabatını ödəmək imkanı olmadığı halda kim işdən çıxar? 2020-ci ildə işdən çıxanların sayının 300 mindən çox olduğu məlumdur. Bunun 268 mindən çoxu öz ərizəsi ilə çıxıb. Bu real görünmür. Qanuna edilən dəyişiklik bəzən insanların məcburi ərizə yazaraq işdən çıxmasına səbəb olur. Halbuki bu inandırıcı deyil”.

Deputat Elşad Mirbəşiroğlu bildirib ki, təklif edilən dəyişikliklər zaman baxımından önəmlidir.

Sabir Rüstəmxanlı deyib ki, qanun layihəsi cəmiyyəti narahat edən həssas məsələləri əhatə edir: “Biz kosmetik dəyişikliklərə getməməliyik. Rayonlarda vəziyyət, işsizlik haqda hər kəs bilir. Məsələn, kənd yerlərində işsiz adamları peşə fəaliyyətinə cəlb etmək nə dərəcə effektiv ola bilər? Həmçinin işsizlərin 20 faizinin müqavilə əsasında müvəqqəti işlərə cəlb edilməsi məsələsi var. Bəs 80 faizi neyləsin? Zorakılıqla təqaüdün kəsilməsi, kənd yerlərində iş problemi, bəzi yerlərdə su və digər problemlərin kənd təsərrüfatına zərbə vurduğu halda, biz nəyə nail olacağıq? Məncə, bu məsələlərə diqqət etməliyik. Rayonlarda Məşğulluq İdarəsi yaradılıb. İnsanlar bura ayaq döyür və sonra heç nə yoxdur. Bununla bağlı onlarla fakt var. Mən təklif edirəm ki, işsizlik poblemi ilə bağlı aidiyyəti qurumların iştirakı ilə müzakirə keçirilsin”.

Spiker isə Sabir Rüstəmxanlıya etiraz edib: “Siz dediniz ki, ortada bir şey yoxdur. Necə yəni bir şey yoxdur. Ölkədə bu qədər işlər görülür. Qanunlara ehtiyac varsa dəyişiklik olur. Bunun nəticəsi nədir? İnsanların rifahını yaxşılaşdırmaq. Bu qədər işlər görüldüyü halda necə demək olar ki, ortada heç nə olmur?”

Sonda qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. (teleqraf.com)