“Qorxulu Tehran” haqqında

“Qorxulu Tehran” haqqında

Günəş qarşıdakı təpənin dalından süzüb get-gedə enir, hava qaralırdı. Məhin tutqun olduğu üçün bu tutqunluğun üstünə bir də qaranlıq çökməsini istəməyirdi. Ömrünün axır gecəsi olduğunu hiss edirmiş kimi süzgün baxışlarla günəşi süzərək sanki onun eləcə durmasını və qürub etməməsini diləyir, rica edirdi.

Lakin təbiət onun ricasını qəbul edərdimi?

Xeyr! O öz hökmünü icra etməkdə idi…

Qar getdikcə şiddətini artırırdı. Dustaqların paltarları islanmış, su bədənlərinə keçməyə başlamışdı. Onların əlləri bir-birinə bağlandığı üçün üst-başlarına düşən qarı silib təmizləməyə imkanları yox idi. Hər biri min zəhmətlə özünü silkələyir, lakin bu silkələmə çox vaxt onların zərəri ilə nəticələnirdi. Qar boyunlarından kürəklərinə tökülüb daha da onlara əziyyət verirdi…

Mürtəza Müşfiq Kazımi

“Qorxulu Tehran” əsərindən

 

Kitabın annotasiyasında oxuyuruq: “Qorxulu Tehran” Fərrux və Mehrin adlı iki gəncin bir-birinə olan sevgisi, bu sevgi uğrunda mübarizəsindən bəhs edir. Əsərdə İran mühitində qadınların cəmiyyətdəki rolu, siyasi-iqtisadi vəziyyət, saraydaxili intriqalar, harınlamış şahzadələrin eyş-işrət dolu həyatı ən incə detallarına qədər təsvir edilib. “Qorxulu Tehran” İran ədəbiyyatında ilk sosial roman hesab olunur.

2021-08-26-12-30-151629966615

Məncə kitabın annotasiyasında ciddi bir səhvə yol verilib. “Qorxulu Tehran” əsərində təsvir olunan hadisələrin baş verdiyi dövrdə qadınlar İran cəmiyyətində demək olar ki, heç bir rol oynamırdılar. Elə əsərin əhəmiyyətli hissəsi də qadınların cəmiyyətdə heç bir rol oynamamağından, qadınların heç bir hüquqa sahib olmamalarından bəhs edir. “Qorxulu Tehran” da qadınların cəmiyyətdəki rolu hansısa bir ev heyvanının cəmiyyətdəki rolundan bir qram da artıq deyil. Onları qoyun, inək, keçi, at kimi bazara çıxarıb hara gəldi, kimə gəldi satırlar. Alan razı, satan razı. Malın işi yalnız sövdələşmənin tələblərinə əməl etməkdən ibarətdir. Qalanı isə yalnız bəxtdən asılıdır. Mal alan adam qəddar da çıxa bilər, nisbətən mərhəmətli də. Tutaq ki, X. adlı bir adam ayın sonuncu bazar günü hansısa rayonda fəaliyyət göstərən mal bazarına gedir. Məqsədi inək almaqdır. Bazarda o tərəfə, bu tərəfə gəzir. Mallara baxır. Nəhayət bir inəyi gözü tutur. Malı bazara çıxaran adama suallar verir. Diri çəkisi neçə kilodur, günə neçə litr süd verir, neçə qarın doğub… Cavablar aşağı-yuxarı onu qane edirsə, qiymət söhbəti başlayır. Malı almaq istəyən adam deyir bir az da aşağı düş. Satan deyir vallah, billah, balalarımın canına and olsun bundan aşağı yeri yoxdur. Xeyli çənə-boğaz etdikdən sonra onlar qiymətdə razılığa gəlirlər. Bazarda satılan inək sahibinə “məni bu adama satma, başqa adama sat” sözlərini deyə bilər? Deyə bilməz. Onun belə bir hüququ yoxdur. Ona belə bir səlahiyyət verilməyib. Onun işi, vəzifəsi taleyinə boyun əyməkdir. Alan adam istəsə onu qapısında saxlayar, istəsə kəsib ətini satar. “Qorxulu Tehran” da qadınların cəmiyyətdəki vəziyyəti eynən mal bazarında satılan inəyin vəziyyəti kimidir. Ümumiyyətlə, bir dəstə adamı çıxsaq, “Qorxulu Tehran”da heç kimin hüququ yoxdur. Tam dərəbəylik hökm sürür. Kimi istəyirlər tuturlar, kimi istəyirlər döyürlər, kimi istəyirlər sürgün edirlər, əmlakını əlindən alırlar…

Burda, yeri gəlmişkən, vacib bir haşiyə çıxmalıyam: hər bir özünə hörmət edən yazıçı, publisist, aktivist, ictimai-siyasi işlərlə məşğul olan şəxs heç olmasa üç aydan bir hansısa rayonda fəaliyyət göstərən mal bazarına gedib bir saat, iki saat bazarda gəzməli, orda özünə romantika əleyhinə peyvənd vurdurmalıdır. Baxıram ki, bəzi yazıçılarımız, publisistlərimiz, ictimai-siyasi xadimlərimiz reallıq hissini tamam itiriblər, nə bilim, ölkənin xoşbəxt gələcəyi ilə bağlı romantik xəyallar qururlar, romantik fikirlər səsləndirirlər. Əgər kiminsə mal bazarına getməyə həvəsi və imkanı yoxdursa, romantika əleyhinə daha bir peyvəndi onlara tövsiyə edə bilərəm. Gündə heç olmasa yarım saat, bir saat yerli televiziya kanallarına baxmaq lazımdır. Amma məncə ən yaxşısı mal bazarına getməkdir. Mal bazarındakı romantika əleyhinə peyvənd daha effektlidir…  

“Qorxulu Tehran” əsl şərq romanıdır. Əhvalatlarla, hadisələrlə boldur. Şərq romanını elə belə də təsəvvür edirəm – hadisənin içindən hadisə, əhvalatın içindən əhvalat çıxmalıdır. Əsəri oxuyanda mənə elə gəlirdi ki, qorxulu, maraqlı, həm də əyləncəli şərq nağıllarını oxumaqdayam. Dili xeyli köhnəlsə də əsər adamı yormur. Maraqlı, dinamik süjet, bir-birinin içindən çıxan əhvalatlar, hadisələr dilin köhnəlməsini arxa plana keçirir.

Bildiyiniz kimi, zaman sənət əsərlərinə qarşı çox qəddardır. İllər keçir, dövr dəyişir və çoxlu sənət əsərləri öz aktuallığını, əhəmiyyətini bu və ya digər formada itirir. ”Qorxulu Tehran” bir əsər kimi öz aktuallığını itiribmi? Yox, itirməyib. İranı tanımaq üçün “Qorxulu Tehran” əla mənbədir, qiymətli vəsaitdir. Səhifələri çevirdikcə İranın necə çətin bir yer olduğunu növbəti dəfə dərindən edirdim. Orda həqiqətən ala qarğa bala çıxara bilməz. Bəzi yoldaşlar deyəcəklər ki, indiki İran “Qorxulu Tehranda” təsvir olunan İrandan çox fərqlənir. İndiki İran artıq “Qorxulu Tehran”da təsvir olunan İran deyil. Bu cür düşünən yoldaşları zahiri dəyişikliklər qətiyyən aldatmasın. Heç nə dəyişməyib. Forma dəyişsə də, məzmun həmin məzmundur. Yəni, İran məzmunca elə “Qorxulu Tehran”da təsvir olunan İrandır. Total yalanın, yorucu, lazımsız, ən nəhayət yalançı, süni, saxta nəzakət qaydalarının hər addımda, hər sahədə tüğyan etdiyi bir yerdə üzü yaxşılığa doğru çətin nəsə, nələrsə dəyişsin.

İnsanın dilemma, çətinlik qarşısında qalaraq yalan danışmasını hardasa başa düşmək olar. İnsanın dilemma, çətinlik qarşısında qalaraq yalan danışmasına hardasa bəraət qazandırmaq olar və bəzən bəraət qazandırmalıyıq. İnsanıq, dəmirdən, betondan düzəldilməmişik. Ətdən, qandan, sümükdən ibarətik. Bir-birimizi birtəhər bu fani dünyada yola verməliyik.

Biri də var ki, insan heç bir ciddi əsas, heç bir ehtiyac olmadığı halda hər addımında yalan danışır və təsəvvür edin ki, belə əsassız, lazımsız yalanlar kütləvidir, hər sahədə tüğyan etməkdədir. Məsələn, bir insan başqa bir insanın düz gözünün içinə baxıb niyə yalandan deməlidir ki, “Kapital”ı oxumuşam. A kişi oxumamısansa, sakitcə denən oxumamışam. Burda səni asan yox, kəsən yox. Bəyəm hamı mütləq “Kapital” oxumalıdır?

(azlogos.eu)