Qorxaqlığın adı akademizm qoyulanda

Qorxaqlığın adı akademizm qoyulanda

Seymur Baycan

Dünən Əli Novruzovun, Mirmehdi Ağaoğlunun, Cavid Ramazanovun “ictimai söhbətinə” qulaq asdım. Əgər onlar şər və iftiralarını “təbirk”, “hörmət ” adı altında təqdim etməsəydilər, bu “üç müşketyor”a heç cavab verməmək də olardı. Hörmətli bəylər, söhbətlərində ciddi şəkildə iddia edirdilər ki, Seymurun publisistikası köhnəlib, 2000-ci illərin əvvəllərində nə yazırdısa, indi də həmin şeyləri yazmaqdadır. Tərtəmiz, xalis iftiradır. Tərtəmiz, xalis iftiradan əlavə böyük ədalətsizlikdir. Bəndənizin isə növündən aslı olmayaraq ədalətsizliyə heç dözümü yoxdur.

Mən oxuduqlarım, baxdıqlarım, düşündüklərim, müşahidələrim sayəsində nəinki hər il, hər ay, hətta hər həftə dəyişməkdəyəm. Seymur 2000-ci illərin əvvəllərində nə yazırdısa, indi də eyni şeyləri yazır deyənlərə, son iki-üç ildə yazdığım bəzi yazıları xatırlatmaq istərdim: “Kiçik hadisələrin böyük mahiyyəti”, “Quş bazarı”, “Yaramaz qızın sərgüzəştləri”, “Həyat adamı məyus edir, elə deyil?”, “Mükəmməllik axtarışında”, “Tarixin bayağılaşması haqqında”, “Oblomov kimdir?”, “Yemişsatan arvadın əhvalatı”, “İnsanın insanı istismar etməsi haqqında bədii-fəlsəfi esse”, “İtirilmiş toyuqların axtarışında”, “Talesiz – insanın deqradasiyaya uğraması haqqında”, “Amerikanın Lermontovu”, “Ürək striptizi”, “Tolstoyun vida məktubu”, “Dirilər və ölülər haqqında”, “Mənalı və mənasız söhbətlər”, “Allah olmaq çətindir”, “Təbii olmamağın fəsadları”, “Ölümün təvazökar cazibəsi”, “Dumanl Təbriz”, “İntellektual pafosun zərərləri haqqında”, “Arzusuz yaşamaq mümkündürmü?”…

IMAGE 2021-04-20 15:41:17

Bunlar hamısı ağır və yüksək səviyyəli yazılardır. Belə ağır, yüksək səviyyəli yazıların Azərbaycan dilində yazılması qəbilə, tayfa təfəkkürü ilə yaşayan azərbaycanlılar üçün böyük lütfdür. Bu da öz növbəsində böyük ədalətsizlikdir. Qəbilə, tayfa təfəkkürü ilə yaşayan azərbaycanlıların dilində belə yüksək səviyyəli, ağır yazılar yazılmamalıdır. Nə gizlədim, bu da bir insan olaraq mənim faciəmdir. Hərdən düşünürəm ki, yəqin keçmiş həyatımda çox ağır bir günah sahibi olmuşam. Ona görə mənə kobud və zövqsüz adamların dilində gözəl mətnlər yazmaq cəzası verilib. Nə etməli, üzüsulu razılaşmaq lazımdır, insan bəzən dəxlisiz yerdə anadan olur, ruhu tamam səhv yerə düşür və bunun nəticəsində o daima, ömrünün sonuna qədər əzab çəkir.

O ki qaldı 2000-ci illərin əvvəllərində yazdığım yazılara, o yazılar mənim özümü hal-hazırda heç qane etmir. Qane edə də bilməz. Bunu dəfələrlə və dəfələrlə ayrı-ayrı müsahibələrimdə, yazılarımda qeyd etmişəm. Amma məsələnin bir başqa tərəfi də var. Hal-hazırda bir müəllif olaraq məni heç qane etməyən o yazılar olmasaydı, indi özünü cool hesab edən çox oğlanlar tinlərdə dayanıb, tum çırtlaya-çırtlaya təsbeh oynadırdılar (şərti olaraq). Hal-hazırda bir müəllif olaraq məni qane etməyən o yazılar olmasaydı yurxarıda adlarını sadaladığım bəylər də yəqin ki, indi güldən-bülbüldən, şamdan-pərvanədən, ox sancılmış ürəkdən, nakam məhəbbətdən zaddan şeirlər, hekayələr yazırdılar. Bəlkə də onlar üçün belə daha yaxşı olardı. Öz mahiyyətlərinə qovuşardılar. Bu mənada ola bilsin böyük bir qovuşmaya mane olmuşam. Ola bilsin həm də ona görə belə qəzəblidirlər.

Mən qətiyyən heç kimdən təşəkkür, minnətdarlıq filan gözləmirəm. O qədər axmaq, sadəlövh, avam, təcrübəsiz adam deyiləm. Azərbaycanlıların bir atalar sözündən lap çoxdan öz nəticəmi çıxarıb, hesabımı götürmüşəm: “Yetimdən soruşdular ki, kimi sikərsən. Dedi mənə çörək verəni”. Nə gözəl, nə səmimi sözdür. Belə gözəl, səmimi, bütöv bir camaatın məğzini, həyata baxışını, həyat fəlsəfəsini özündə daşıyan bir atalar sözündən lap çoxdan nəticə çıxardığın, hesabını götürdüyün halda adam durub kimdənsə, kimlərdənsə inciyə bilərmi? Bilməz. Sadəcə mənə bir şey maraqlıdır. İnsanlar belə cılız hisslərlə, belə cılız düşüncələrlə yaşamağı necə bacarırlar? Üstəlik belə cılız hisslərlə, düşüncələrlə yaşadıqları halda, yazmaq və yaratmaq eşqinə necə düşüblər?

İki il əvvəl bir gənc qələm adamı dedi ki, sizin nəsil yaxşı vaxta düşdü, ona görə asanlıqla tanındınız. Bizim vaxtda tanınmaq çətindir. Mən gənc qələm adamına cavab olaraq dedim ki, bizim nəsilin heç bir nümayəndəsi durduğu yerdə tanınmamışdı. Hər kəsin özünə görə davası vardı. Bizim nəsil az qala bütün ölkəylə düşmən olmuşdu. Şəxsən mən hansı məclisə, hansı tədbirə gedirdimsə, ən yaxşı halda atmacalarla, kinayəli sözlərlə qarşılaşırdım. Ta ayrı-ayrı axmaq, xoşagəlməz hadisələrdən danışıb, çox təfərrüatlara girib, oxucuların vaxtını almaq istəmirəm.

İndi bəzi nəsildaşlarımla bir çox mövzularda aramızda fikir ayrılıqları olsa da, bir çox mövzularda ayrı-ayrı mövqelərdə dayansaq da, axı doğrudan da bizim nəslin hər bir nümayəndəsinin özünə görə davası, mübarizəsi olub. Bu davaya görə dəfələrlə təhqir, təhdid olunublar, hətta ailə üzvləri təhqirə, təhdidə məruz qalıblar. Cavid Ramazanov və onun kimiləri isə öz qorxaqlıqlarına, “mus – mus – mus” üslubunda yazdıqları “ütülü”, “sığallı” yazılara akademizm adı qoymaqdadırlar. Öz aləmlərində güya balanslı, standartlara uyğun, savadlı yazılar yazırlar. İnanmaq istədikləri şeyə özlərini inandırıblar. Yolun ən asanını seçiblər. Heç kimlə pis olmaq istəmirlər, dava yox, mübarizə yox, qorxaqlığa, cəsarətsizliyə akademizm adı qoyublar, ürəklərindən hələ bir geniş tanınmaq arzusu da keçir. Heç bir itki verməyib, heç bir mübarizə, dava aparmayıb, hər fürsətdə xalqa, hakimiyyətə yarınıb, hələ bir geniş tanınmaq arzusuna düşmək, belə bir iddiada bulunmaq, tipik azərbaycanlı mövqeyidir.

Mənim qət etdiyim məsafəni qət etmək kənardan bir çoxlarına asan, çox əlçatan görünür. Elə ki, özləri bu yola qədəm qoyurlar, nə qədər əziyyət, zəhmət çəkdiyimi başa düşürlər. Bu halda iki mövqe ortaya çıxmalı olur:

Birincisi, nə qədər əziyyət, zəhmət çəkdiyimi dilə gətirməlidirlər. Bunu dilə gətirmək insandan geniş, böyük ürək tələb edir. Geniş, böyük ürək də bəlli məsələdir ki, hər adamda olmur.

İkincisi, qət etdiyim məsafəni, çəkdiyim zəhməti gözdən salmalıdırlar.

Ümumiyyətlə, təbiətcə konformist adamlar başqasının yolunu, zəhmətini, davasını müxtəlif vasitələrlə gözdən salmağı özlərinin həyat fəlsəfəsinə çevirirlər…

Göydəki kişi, həmçinin vicdanlı, ədalətli, obyektiv oxucular şahiddir ki, qazandığım təcrübəni, qazandığım biliyi açıq şəkildə daima paylaşmışam. Heç nəyi gizlətməmişəm. Az da olsa adamlara fayda verməyə çalışmışam. Bunu müğənnilər demişkən, təkcə ürəyimin genişliyinin, böyüklüyünün ayağına yazmaq olmaz. Yox ürəyim bu qədər də geniş, böyük ola bilməz. Sadəcə kim olduğumun, hansı səviyyədə yazılar yazdığımın fərqindəyəm. Bu mənə böyük arxayınlıq hissi, güc verir. Yuxarda adlarını sadaladığım bəylərə və o qəbildən olan digər bəylərə isə tövsiyəm, məsləhətim odur ki, əməli-saleh, məsum bir insana “hörmət”, “təbrik” adı altında şər, iftira atmaq əvəzinə, necə yazmağı, necə oxumağı öyrənsinlər. Bu, hər şeydən və hamıdan əvvəl elə onların özlərinə lazımdır.

Yadıma bir hadisə düşür. Tədbirlərin birində çox gənc bir yazıçı Əkrəm Əylisliyə elə dinsiz-imansız, elə allahsız söz demişdi ki, dünyanın hər sifətini görmüş, hər sifətdə adamla qarşılaşmış o boyda kişinin əli istər-istəməz, özündən asılı olmadan üzündə qalmışdı. Onda Əkrəm Əylisli həmin o gənc yazıçıya belə cavab vermişdi: “İlahi, insan da bu yaşda bu qədər xıltlı, bu qədər məkrli ola bilərmi? Sən bu yaşda bu qədər xıltlı, bu qədər məkrlisənsə, qocalanda necə olacaqsan?”

(azlogos.eu)