Qazın "unutdurduğu" dərman bahalaşması: “Tarif Şurası çaşıdırıcı rəqəmlərlə oynayır” – İqtisadçı

Qazın "unutdurduğu" dərman bahalaşması: “Tarif Şurası çaşıdırıcı rəqəmlərlə oynayır” –

Tarif (qiymət) Şurasının 30 iyun qərarında təbii qaz və elektrik enerjisi ilə bağlı yeni qərar verdi və nəticədə qaz bahalaşdı, elektrik enerjisi ilə bağlı isə müəssisələr üçün gecə-gündüz tarifinə keçildi.

Bu məsələdə bir anda gündəmi tamamilə dəyişdi və hər kəsi bu qərara, xüsusilə də qaz qiymətlərinin bahalaşmasına etiraz etdi. Amma bu məsələ digər bir vacib məqami, dərman qiymətləri ilə Tarif Şurasının eyni tarixli qərarını kölgədə qoydu.

Belə ki, 30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və iclasda yeni dövlət qeydiyyatına alınan 247 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Tarif Şurasının bu qərarı ilə dərman qiymətləri ortalama olaraq 40 faiz bahalaşıb.

Qeyd edək ki, göstərilən bahalaşma faizi ortalama dərəcədir. Bir sıra dərman qiymətlərində artıq daha çox, 70, 80, 100 faiz civarında olub.

Tarif Şurasını qazın bahalaşması ilə qərarına bunun aztəminatlı ailələrə təsir etməyəcəyi şəkildə problemlərə belə "don geyindirdi". Amma dərman vəsaitlərinin bahalaşması ilə bağlı bunu demək mümkünsüzdür.

Çünki hökumət aztəminatlı ailələrə xəstələnməyin deyə bilməz və ya bunun üçün kiməsə tapşırıq verə bilməz. Dərman bazarı ilə bağlı verilən qərar bütövlükdə sosial qərardır və bütün əhali kəsiminə təsir edəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında deyib ki, Tarif Şurasının dərman preparatlarının qiymətinin tənzimlənməsində birbaşa iştirak etməsi doğru yol deyil:

“Əgər Azərbaycan hökuməti normal rəqabətli mühit yaratsa, ölkədə onlarla dərman şirkətləri fəaliyyət göstərsə, rəqabətli formada qiymətlər onsuz da tənzimlənəcək, normal qiymətlərin şahidi olacağıq.

Aztəminatlı ailələrə xüsusi proqramlarla pulsuz dərmanların verilməsi mümkündür. Belə praktika dünyada da var, Azərbaycanda da bunu dövlət hesabına həyata keçirmək olar. Bu, normaldır. Amma ümumilikdə dərman qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi bir çox problemlərə səbəb olur. İlk növbədə ölkəyə keyfiyyətsiz və daha ucuz dərmanların gətirilməsinə səbəb olur ki, bu da insan sağlamlığına çox böyük ziyan vurur. Digər tərəfdən rəqabətsizlik mühiti formalaşır ki, bu da gələcəkdə Azərbaycan bazarında həm inhisarçılıq meyillərinin artmasına, həm də dövlət məmurlarına yaxın şirkətlərin daha rahat fəaliyyət göstərməsinə şərait yaradır.

Ona görə də bu sahədə dövlətin siyasəti kökündən yanlışdır. Yenidən qurulmalı, tənzimlənməlidir. Dərman preparatlarının qiymətlərinin bazar tərəfindən tələb və təklif qaydalarına uyğun olaraq tənzimlənməsi üçün ölkədə ciddi rəqabətli mühit olmalıdır. Hökumət insanların qayğısına qalmaq istəyirsə, onsuz da ölkədə dərman istehsalı yox dərəcəsindədir, bir neçə yod kimi bəsit dərmanlardan başqa istehsal yoxdur.

Əgər belədirsə, gömrük rüsumları niyə yüksək təyin olunur? Hökumət qiymətləri aşağı salmaq istəyirsə, rəqabətli mühiti genişləndirməli və ölkədə istehsalı olmayan dərman presparatlarının gömrük rüsumunu ləğv etməlidir. Bu zaman həm qiymətlərdə ucuzlaşma olacaq, həm də keyfiyyətli məhsulların ölkəyə gəlməsi təmin ediləcək”.

Ekspert qeyd edib ki, dərman qiymətlərinin ucuzlaşması üçün gömrük rüsumunun, insanların gündəlik istifadə etdiyi dərman preparatlarında ƏDV-nin ləğv edilməsi mümkündür:

“Kosmetika, estetik cərrahiyə aid olan preparatlarda ƏDV-ni, gömrük rüsumunu saxlamaq olar. Çünki bu sosial məsələ deyil, istəyə bağlıdır. Amma dünyanın hər yerində olduğu kimi, dərman siyasəti sosial siyasətin tərkib hissəsi kimi görülməlidir.

Azərbaycanda təəssüf ki, bu, belə deyil. Ona görə də Azərbaycanda rəqabətli mühitin artırılmasına çalışılmalıdır. Gömrük rüsumları bir çox dərman preparatlarında ləğv edilməlidir. Bunun nəticəsində də ölkədə dərman bazarında qiymətlərin tənzimlənməsi baş verməlidir”.

Artım faizinə gəlincə, Natiq Cəfərli bildirib ki, Tarif Şurası ortalama faiz verməklə rəqəmlərlə oynayır:

“Bu, çaşıdırıcı rəqəmlərlə oynamaqdır. Onlar 40 faizi ortalama götürürlər. Məsələn, bəzi dərmanlar 10, bəzilərini isə 80 faiz artırırlar. Sonra da ortalama olaraq qiymətlərin 40 faiz bahalaşdığını deyirlər. Rəqəmlərlə obrazlı desək belə bir oynama edirlər. Əslində, ortalama rəqəmlərin verilməsi də düzgün deyil. Çünki bu, gündəlik təlabatı yüksək olan dərmanların daha çox bahalaşmasına səbəb olur”.