Qala qəsəbəsində su problemi: "Uşaq su istəyəndə, deyirik ki, qənaətlə istifadə edin" – VİDEO

Qala qəsəbəsində su problemi:

"Biz susuzluqdan əziyyət çəkirik. Dəfələrlə icra strukturlarına, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişik, xeyri olmayıb".
Bu sözləri Yeniavaz.com-a müraciət edən Xəzər rayon Qala qəsəbəsinin sakini Hacıyev Mustafa deyib. O bildirir ki, əsasən məcburi köçkünlərin məskunlaşdığı qəsəbənin “Xaşaxuna” massivində insanlar suya möhtac qalıb:
“Mən 4 ildir ki, burada məskunlaşımışam. Məndən öncə də 10 ildir burada məskunlaşanlar var. Məskunlaşanlar xüsusilə məcburi köçkünlərdir. Hər həftə su maşınlarına 20 manat pul veririk. Qənaətlə istifadə edirik. Uşaq su istəyəndə deyirik ki, qənaətlə istifadə edin. Yaşadığımız əraziyə su çəkilməsini istəyirik”.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxlamağa çalışdıq, təəssüf ki, buna nail ola bilmədik.
Qeyd edək ki, Xəzər rayonunun bəzi qəsəbələrində də su-kanalizasiya xətti yoxdur və həmin qəsəbələrdə ayrı-ayrı MMC-lərdən olduqca baha qiymətə içməli su satın alan, çirkab sularının daşınması ilə bağlı müqavilə bağlayan, yüksək səviyyədə təmir olunmuş dövlət müəssisələri fəaliyyət göstərir. Sözügedən müəssisələr adları çəkilən xidmətləri “Azərsu” ASC-nin əhaliyə təklif etdiyi qiymətlərdən dəfələrlə yüksək qiymətə rəsmiləşdirilər.