Problemli kreditlərin həcmi niyə artıb? - Ekspertdən açıqlama

Problemli kreditlərin həcmi niyə artıb? -

“2021-ci ilin birinci rübünün yekunlarında bank sektorunun bir sıra aparıcı göstəricilərində neqativ dəyişmə qeydə alınıb. Bu ilin ilk rübündə problemli kreditlərin həcmində artımlar davam edib. Mərkəzi Bankın məlumatına görə, vaxtı keçmiş kreditlərin həcmi ötən ilin son ayında 893,1 milyon manat idisə, bu göstərici bu ilin yanvarında 900,4 milyon, fevralda 917,5 milyon və nəhayət, mart ayının yekunlarında 918,2 milyon manata çatıb. Bu, o deməkdir ki, bir rüb ərzində bank sektorunda problemli kreditlərin həcmi 25 milyon manatdan çox artıb”.

RegionNews.az xəbər verir ki, bunu Milli Məclis deputatı Vüqar Bayramov deyib. Millət vəkili qeyd edib ki, bu müddətdə depozitlərdə də azalma müşahidə edilib:

“Mərkəzi Bankın məlumatına görə, fiziki şəxslərin əmanətləri bu ilin mart ayında əvvəlki aya nisbətən 232 milyon manat azalıb. Belə ki, fevral ayında vətəndaşların banklardakı əmanətləri 8 milyard 379 milyon manat olsa da, bir ay sonra bu göstərici 8 milyard 147 milyon manata düşüb.

Mərkəzi Bankın beynəlxalq ehtiyatları da bu ilin mart ayında əvvəlki aya nisbətən azalıb. Belə ki, bu il fevral ayında 6 milyard 367 milyon dollar olan ehtiyatlar azalaraq 6 milyard 356 milyon dollar düşüb. Bu o deməkdir ki, Mərkəzi Bankın beynəlxalq ehtiyatları mart ayında əvvəlki aya nisbətən11 milyon dollar azalıb.

Rəsmi göstəricilər təsdiq edir ki, bank sektorunda islahatların dərinləşdirilməsinə ehtiyac var. Mərkəzi Bank bank sektorunda rəqabəti gücləndirməklə kreditlər faziləri azalmasına, depozit və kredit siyasətləri arasındakı mütənasibliyin möhkəmləndirilməsinə nail ola bilər. Bu passiv vəsaitlərin banklara cəlb edilməsi və kredit şərtlərinin yumşalmasına gətirib çıxara bilər. Eyni zamanda, valyuta bazarının liberallaşdırılması istiqamətində də tədbirlərin genişləndirilməsinə ehtiyac var”.