Pomidorun bazarı “bağlana” bilər - Monopolistlər İŞ BAŞINDA

Pomidorun bazarı “bağlana” bilər -

Azərbaycanın əsas qeyri-neft ixrac məhsulu olan pomidorun Rusiya bazarlarına çıxışında ciddi problemlər yaranıb. Səbəb Rusiyanın müvafiq dövlət nəzarəti orqanı – “Rosselxoznadzor”un tətbiq etdiyi məhdudiyyətlərdir. Ötən ilin dekabr ayında təşkilat bəyan edib ki, Azərbaycandan gətirilən pomidor məhsullarının tərkibində insan orqanizmi üçün təhlükəli olan zərərvericilər var.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycandan 201 milyon 353 min dollar dəyərində 187 min 539 ton pomidor ixrac edilib. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Rusiya hökuməti ilə apardığı danışıqlar nəticəsində bu günə qədər 131 istehsalçının bu ölkəyə məhsul ixrac etməsinə icazə alınıb. Amma rəqəm bu sahədə çalışan sahibkarların çox kiçik hissəsini əhatə edir.

İstehsalçılar “Press Klub”un əməkdaşına bildiriblər ki, məhsullarını icazəsi olan şirkətlər vasitəsilə qonşu ölkənin bazarlarında realizə etmək istəyirlər. Amma bu zaman onların qeyri-qanuni tələbləri ilə üzləşirlər. Sahibkarlardan 20 ton məhsulun ixracı üçün 5 min dollar tələb olunur. Bundan başqa, daşıma xərclərində də ikiqat artım baş verib. Ötən il 2000-2400 dollara bir maşın məhsul aparmaq mümkün idisə, hazırda bu rəqəm 4-4.5 min dollar təşkil edir. Nəticədə istehsal, qablaşdırma, logistika xərcləri maya dəyərini şişirdir. Hazırda Moskva bazarlarında bir kiloqram pomidorun qiyməti 2 manat təşkil edir. Süni şəkildə yaradılan problemlər nəticəsində bu qiymətin 95 fazi çəkilən xərclərin ödənilməsinə yönəlir.

Yaradılan məhdudiyyətlər son bir neçə ildə həm intensiv, həm də ekstensiv üsullarla artan pomidor istixanalarındakı məhsulların daxili bazarın tələbindən qat-qat artıq istehsal olunmasına gətirib çıxarıb. Əlbəttə, belə olan halda ixracın digər ölkələrlə də paralel təmin olunması vəziyyəti yüngülləşdirə bilərdi. Lakin təəssüf ki, ölkəmizdə yetişdirilən kənd təsərrüfatı məhsullarının, fındıq və pambıq istisna olmaqla, əsas alıcısı Rusiyadır. Ərəb ölkələri istiqamətində geniş bazar araşdırmalarının olmaması, həmin bazarlarla bağlı satış və logistika imkanlarının yetərincə dəyərləndirilməməsi vəziyyətin daha da pisləşəcəyi ehtimalını artırır. Avropa ölkələrinə bu məhsulların ixrac imkanları daha çətindir. Xüsusi sertifikatların tələb olunması ölkəmizdə hələ ki satış və marketinq baxımından yüksək səviyyədə ixtisaslaşmamış sahibkarlar üçün ciddi problemlər yaradır. Ona görə də, ənənəvi satış və realizasiya imkanları hələ ki Rusiya bazarlarındadır.

Pomidor məhsuluna bu il tələbin azalmasının bir səbəbi kimi daxili tələbin də aşağı düşməsi qeyd oluna bilər. Belə ki, şənlik məclislərinin keçirilməməsi, restoranlarda və şadlıq evlərində böyük ziyafətlərin təşkil olunmaması məhsulun istehlakının azalmasına gətirib çıxarıb. Başqa bir səbəb kimi həm də pandemiya səbəbindən əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini göstərmək olar.

Mütəxəssislər hesab edir ki, AQTA-nın istehsalçıların belə sürprizlərlə qarşılaşmaması üçün maarifləndirmə tədbirlərini genişləndirməsi vacibdir. Habelə istehsal olunmuş məhsullarda aşkarlana biləcək xəstəlik və zərərvericilərin olmaması üçün xüsusi mütəxəssislər cəlb olunaraq fermerlərin sahələrinə baxış keçirilməlidir. Yarana biləcək problemlər haqqında fermerlər öncədən məlumatlı olmasalar da, AQTA ekspertləri gələcəkdə ortaya çıxacaq problemləri öncədən ehtimal edə bilərlər. Beləliklə, bu xəstəliklərin qarşısını da öncədən almaq mümkündür.

Yuxarıda təqdim olunan rəqmələrdən görünür ki, Azərbaycanın qeyri-neft ixracında pomidor xüsusi yer tutur. Məhz buna görə də bu sahəyə yetərincə diqqət ayrılmalı, müvafiq qurumlar qabaqlayıcı tədbirlər görməlidirlər. Onu da nəzərə almaq lazımdır ki, pomidor istehsal edən istixanaların bir çoxu güzəştli kreditlər hesabına fəaliyyət göstərir. Onların ödəniş qabiliyyətinin pozulması milyonlarla kredit vəsaitlərinin geri ödənilməsində ciddi problemlər yarada bilər.

Ən vacib məsələ isə budur ki, fermerlər müvafiq dövlət qurumları ilə birlikdə alternativ bazarların axtarışında maraqlı olmalıdırlar. İstehsalçı birliklərinin yaradılması, ixracatçı şirkətlərin fəaliyyətinin əlaqələndirilməsi problemi yumşalda bilər. Çünki kiçik təsərrüfatlar bu problemləri öz gücü ilə həll edə bilməyəcək və problemlər davam edəcək.