Polisin videosunu çəkən şəxs həbs olundu VİDEO

Polisin videosunu çəkən şəxs həbs olundu

Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndinin sakini Əliyev Mansur Tahir oğlu qardaşı Anar Əliyevin şərlənərək həbs olunduğunu iddia edir. 

Bu haqda o “Yeni Sabah”a etdiyi müraciətdə bildirib. Qeyd edib ki, qardaşı A. Əliyev iyulun 8-də rayondan Hövsan qəsəbəsində yaşayan bacısıgilə gəlib. Lakin qəsəbə ərazisində yol polisləri onun idarə etdiyi 03 BB 056 dövlət nömrə nişanlı “Jiquli” 2106 markalı maşınını saxlayıblar. Maşında konstruksiya dəyişikliyi olduğunu bildirərək avtomobili cərimə meydançasına aparıblar.

M. Əliyev deyir ki, polislər 150 manat cərimə yazıblar. Cərimə ödəndikdən sonra isə sənədləri geri qaytarmaq üçün Rəşad adlı polis əlavə 100 manat da tələb edib: “Qardaşım həm cəriməni, həm də həmin 100 manatı Bakıdakı qohumlarımızdan borc alaraq ödəyib. 100 manatı verəndə isə onu videoya çəkib. Sənədləri alandan yarım saat sonra həmin videonu polisə göndərib ki, siz məni haqsız yerə cərimə etdiniz”. 

M. Əliyev deyir ki, sonra Rəşad qardaşına zəng edərək deyib ki, gəl pulu qaytarım, videonu sil: “Amma qardaşım onun dediyi yerə - Hövsanda işıqforun yanına çatan kimi tamam başqa polislər olub orada. Narkotik ittihamı ilə Anarı həbs ediblər”.

M. Əliyev hazırda qardaşının həbsdə olduğunu bildirib: “O moykada işləyir və vərəm xəstəsidir. Ağciyər Xəstəlikləri İnstitutunda qeydiyyatdadır. Biz onun həyatından narahatıq. Biz bununla bağlı ölkə rəhbərliyinə, Daxili işlə nazirinə müraciət edirik ki, qardaşımın azad olunmasına kömək etsinlər”.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Yeni Sabah”a bildirib ki, M. Əliyevin səsləndirdiyi ittihamlar əsassızdır: “Anar Əliyev törətdiyi konkret əmələ görə həbs olunub. Xeyli vaxt idi ki, Suraxanı rayon polis idarəsində Anar Əlyevin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqda əməliyyat məlumatı var idi. Həmin gün də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, üzərinə baxış keçirərkən metamfetamin, “patı” və heroin aşkar olunub və rayon məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onu da deyim ki, Anar Əliyev bundan əvvəl də iki dəfə məhkumluq həyatı yaşayıb. Ona görə də qardaşının yol polisi ilə bağlı səsləndirdiyi ittihamların bu məsələ ilə heç bir əlaqəsi yoxdur. O konkret əməlinə görə həbs olunub”.

M. Əliyev qardaşının çəkdiyi videonu da “Yeni Sabah”a təqdim edib: