On min adamın yaşadığı Sumqayıtın "Qurd dərəsi" problemlər girdabında boğulur - FOTOLAR

On min adamın yaşadığı Sumqayıtın "Qurd dərəsi" problemlər girdabında boğulur -

Sumqayıtın 2 kilometrliyində yerləşən, amma Afrikanın gecəqondusunu xatırladan “Qurd dərəsi”ndə problemlər səngimək bilmir.

“RegionNews.az” xəbər verir ki, Sumqayıtın “Qurd dərəsi” adlanan yaşayış massivi sosial problemlər girdabında  boğulur.

Məişət şəraiti əlverişsiz olan, infrastrukturu isə olmayan  bu ərazi müyyən mənada Afrikadakı bidonvilini- gecəqondunu xatırladır. Bunu yerli sakinlər bildirir.

Baxmayaraq ki, adıçəkilən yaşayış massivi Sumayıtın cəmi  2-3 kilometrliyində yerləşir, (şəhərin 18-mikrorayonundan “Qurd dərəsi”nin girişinə-Saray körpüsünə qədər  məsafə 2 km, ən uzaq yerinə isə 6 km-dir) amma bu ərazi sanki şəhər rəhbərliyi tərəfindən unudulub.

Dövlət qurumları tərəfindən  burada sakinlərdən hər bir rüsum (torpaq pulu, kommunal xidmətlər və sairə) hər ay qəpiyinəcən alınır. Ödəniş olmadıqda isə su, qaz, işıq kəsilir, ərazidə icazə almadan bir daşı-daş üstündə belə qoymaq olmur.

Yəni pul almaq baxımdan nəzarət güclüdür, amma problemlərin həllinə  rəsmilər tərəfindən diqqət göstərilmir. “Qurd dərəsi” bağları, Saray bağlar massivi, Sumqayıt bağları və ya sadəcə “bağlar” kimi də  adlanan, və Sumqayıt şəhər inzibati ərazisinə daxil olan  ərazidə Sumqayıt bələdiyyəsinin, Sumqayıt İcra Hakimiyyətinin fəaliyyəti ümumiyyətlə  bilinmir.

Onların fəaliyyəti  yalnız  vətəndaşlardan tələb olunan pul yığımında, torpaq satışında, sənəd işində, sakinlər tərəfindən vəsait ödənişində özünü göstərir. Sumqayıtın mərkəzi bazarıdan bura  və əks istiqamətə təxminən yarım saatdan bir (günlərə görə vaxt dəyişir) 17, 17a (bir-birinə əks istiqamətinə, dairəvi işləyirlər) və 27 nömrəli marşrut avtobusları işləyir. Bağ avtobusları köhnə PAZ-lardan  ibarətdir və gediş haqqı 30 qəpikdir. “PAZ” avtobuslarının  hələ də bu ərazidə istifadəsinə səbəb  yolların  çox  bərbad olmasıdır. “PAZ” sürücüləri deyir ki, ki, burada  təzə avtobuslar tez sıradan çıxır və  “Qurd dərəsi”nin yollarına ancaq sovet marşrutları tab gətirir.

Bu avtobuslarda sakinlər evə çatana qədər xeyli əziyyət çəkir (sakinlər zarafatca deyir ki, bu marşrut müalicəvidir, böyrək  daşlarını salır) və heç bir komfortu olmayan bu marşrut avtobusu 5-6 kilometrlik yolu təxminən 1 saata çatır. Halbuki, “Qurd dərəsi”nə normal yol çəkilsə,  minlərlə sakin hər gün köhnə “PAZ”larla yox, müasir avtobuslarla uzağı 10 dəqiqəyə bu yaşayış məkanına rahat gedib-gələ bilər. Sakinlər 27 nömrəli  marşrutun yolundan danışmağın ümumiyyətlə mənasız olduğunu bildirirlər. Dairəvi yolun yarısı, yəni  3-cü dayanacaqdan,”Türkün evi” deyilən məşhur möhtəşəm boş evdən 6-cı dayacanağa qədər asfaltlanıb, amma o da keyfiyyətsiz edildiyindən artıq sıradan çıxmaq üzrədir.

Qalan yol isə bərbad vəziyyətdədir və sakinlərin öz vəsaiti hesabına daş, çınqıl, doğranmış şlak tökülüb birtəhər düzəldilir. Təbii ki, bu cür “təmir” də çox çəkmir. Yağışlı günlərdə, qışda isə buranın yolları gölməçələrin, palçığın əlindən lap keçilməz olur. Həm əsas, həm də evlərarası yolların bərbad olması  burada yaşayan sakinlərə çox əziyyət verir. Burada yalnılz xırda market olduğundan əhali alış-verişi əsasən Sumqayıtdan edir ki, bu da əlavə çətinliklər yaradır.

“Qurd dərəsi”ndə nə aptek, nə də  rabitə xətti, yəni telefon yoxdur. “Azərsu” burada yalnız su pulu yığır. Suyu  sakinlər öz vəsaitləri hesabına (bəzən 1000 manat) plastik  borularla birtəhər  əldə edir. Sakinlər qaz və işığın da çətinliklə evlərinə çəkilməsinə nail olur. Bundan başqa  yaşayış yeri rəsmi status almadığından burada yaşayanların qeydiyyat problem var. Torpaqların sənədi olsa da sakinlər qeydiyyata düşə bilmir.

Dövlət idarələrindən burada (məktəbi saymasaq) yalnız keçən il istifadəyə verilən polis idarəsi mövcuddur. Burada ünvanlar dayacanaqla  və avtobus yolları ilə adlanır; 7-ci dayanacaq, 9-cu dayanacaq ,27-nin yolu, 17-nin yolu və sairə. İşıqlandırma isə burada sıfır səviyyəsindədir. Belə ki, küçələrdə  işıq dirəkləri yoxdur. Yalnız bəzi yerlərdə sakinlər öz vəsaitləri hesabına evlərinin  qabağındakı küçəni işıqlandırır. Gecələr “Qurd dərəsi”  zülmət qaranlığa qərq olduğundan vahiməli yerə çevrilir. Sanki burda 10 minlərlə adam yaşamır kimi təəssürat yaranır.

Burada əsas köklü problem isə massivdə kanalizasiya sisteminin olmamasıdır. Sakinlər bildirir ki, dəfələrlə buranın sosial problemlərindən, əsasən də kanalizasiyanın olmamasından icra hakimiyyətinə şikayət etsələr də, heç bir tədbir görülmür.

Sovet dövrü bura dövlət tərəfindən işçilərə verilən pay torpaqlarından, bağ sahələrindən ibarət idi və ərazidə az sayda (200-300) adam yaşayırdı. “Qurd dərəsi” adı da ola bilsin ki, təsadüfi verilməyib.

Sumqayıtda, Bakıda  daimi yaşayan sakinlər əsasən yay mövsümü bura dincəlməyə gəlirdi. Ona görə də, burada evlər bir qayda olaraq taxtadan, yüngül konstruksiyalardan ibarət olurdu.

Lakin 90-cı illərdə imkansızlıqdan, çarəsizlikdən, evsizlikdən bura axın başladı. Daşdan əməlli-başlı evlər tikildi və daimi yaşayış oldu. Hal-hazırda burada  10 mindən çox adam yaşayır. Bu baxımdan bu yaşayış massivini böyük kənd, qəsəbə də adlandırmaq olar. Ərazi elə böyüyüb ki, artıq Sumqayıt, Saray, Novxanı ilə yanaşı, bir ucu Masazıra qədər gedib çıxır.

Əvvəldən bu ərazidə ümumi kanalizasiya qovşağı olmadığından  hərə özünə, şambo-enli quyu qazdırır və kanalizasiya suları ora tökülürdü. Amma indi əhalinin sıxlığı artığından dərinliyi 2 metr,  6-8 kub həcmlik şamboların sayı minlərlədir və torpaq layı yumşaldığından qrunt suları yer tapıb yuxarı qalxır. Bu da sahələrin bataqlığa çevrilməsinə, yaşıllığın yavaş-yavaş məhv olmasına səbəb olur. Əhali məcbur olub tez-tez xərc çəkərək yaranan bataqlıqlara maşınlarla qum tökərək örtür. Bir şambonun qazılıb düzəldilməsi isə indi 200 manata başa gəlir.

Öz tərkibi zəngin qumu, dadlı tutu, üzümü, gözəl ənciri ilə məşhur, bir vaxtlar torpağı çox münbit olan ərazi indi az qala bataqlığa çevrilib və həmin meyvələr indi demək olar ki, yetişmir. Ərazini qamışlıqlıqlar və digər bataqlıq ağacları basıb. Üstəlik 2-3 aydan bir kanalizasiya sularını maşınlarla daşımaq üçün sakinlər əlavə 50-60 manat pul  xərcləyirlər.

Kanalizasiyanın olmaması həm də ekoloji problemlər də yaradır. Ərazidəki torpaqların bitki örtüyünü ,münbit torpaq layını məhv edir. Bu baxımdan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ekoloji problemi nəzarətə götürüb, tədbir görsəydi yaxşı olardı.

On minlərlə insanın şəraitinə bu  qədər laqeyd yanaşmaq olmaz. Üstəlik bunu etmək məmurların borcudur və əhalinin yaşayış şəraitinin yaxşılaşdırması üçün  hər il dövlət büdcəsindən milyonlarla pul ayrılır. Bəs bu pullar hara gedir?! Aamma bütün bunlara rəğmən “Qurd dərəsi”nin sakinləri yenə də ümid edirlər ki, onların yaşadığı ərazi tezliklə normal bir yaşayış massivinə çevriləcək. (konkret.az)

Fuad Zeynalov,

KONKRET.az