Ölkənin gəlirlərində Bakı ilə regionların payında KƏSKİN FƏRQ - ŞƏRH

Ölkənin gəlirlərində Bakı ilə regionların payında KƏSKİN FƏRQ -

“Bakıdan fərqli olaraq, regionlarda sahibkarlar mülkiyyət hüququna çox da diqqət yetirmirlər”.

Bu fikirləri ölkənin gəlirlərində paytaxt Bakı (88,8 faiz) ilə regionların (11,2 faiz) payı arasında mövcud olan fərqin səbəblərini şərh edən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına ayrılan dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq təmin edilməlidir:

“Mənim qənaətimə görə, ölkənin gəlirlərində regionların payında görünən bu kəskin fərqin üç əsas səbəbi var. Bunun birincisi mülkiyyət hüququnun rəsmiləşdirilməsində mövcud olan vəziyyətdir. Ümumiyyətlə, istənilən dövlətdə inkişafın əsas şərti mülkiyyət hüququnun bərqərar olması və qorunmasıdır. Mülkiyyət hüququ dedikdə isə ilk növbədə daşınmaz əmlak, xüsusilə də torpaq sahəsi nəzərdə tutulur. Çünki torpaq ən məhdud dəyərdir. O baxımdan, daşınmaz əmlakın, torpaq sahəsinin mülkiyyət hüququ mütləq rəsmiləşdirilməli, onlar üçün müvafiq çıxarışlar alınmalıdır.

Azərbaycanda mövcud olan ümumi problemlərdən biri də daşınmaz əmlakın əksəriyyətinin mülkiyyət hüququnun, yəni çıxarışların olmamasıdır. Mən yox, dünyanın ən tanınmış iqtisadçıları da bu fikirdədirlər ki, daşınmaz əmlakın mülkiyyət hüququ təsdiqlənməyibsə, o ölkədə inkişafdan danışmaq olmaz. Bizdə bu məsələdə kəskin fərq var. Yəni Bakıdan fərqli olaraq, regionlarda sahibkarlar mülkiyyət hüququna çox da diqqət yetirmirlər.

Bölgələrdə sahibkar mülkiyyət hüququnu təsdiq etdirdikdən sonra infrastruktur yaratmalıdır, yol çəkdirməlidir və sair. Əmlak məmurlarının yaratdığı min bir manelər sahibkarların daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının təsdiqlənməsini əngəlləyir. Sahibkarlar da belə bir vəziyyətdə fəaliyyətin perspektivini görmədikləri üçün iş fəallığını azaldırlar. Belə bir şəraitdə hansı inkişafdan danışmaq olar? Fəaliyyət yoxdursa, təbii ki, gəlir də olmayacaq.

İkinci səbəb ölkədə məhkəmə-hüquq sisteminin bərbad vəziyyətdə olmasıdır. Bu sahədə regionlardakı durum Bakı ilə müqayisədə daha acınacaqlıdır. İndi məlumat yayılıb ki, gələn ildən ölkənin bütün məhkəmələri elektron məhkəmə sisteminə qoşulacaq. İndiyə qədər bu sistemdən kənar qalan məhkəmələr də məhz region məhkəmələri idi. Etiraf edək ki, regionlarda haqq-ədalətin müdafiəsi, hüquqların qorunması xeyli çətindir. Sahibkarın əl-qolunu bağlayan problemlər sırasında bu da var. Sahibkar düşünür ki, sabah məhkəməlik işim olarsa, ədalətsizliklə üzləşə bilərəm. Bu da onun əlini işdən soyudur.

Üçüncü səbəb isə regionların sosial-iqtisadi inkişafına ayrılan dövlət vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməməsidir. Hesab edirəm ki, bu məsələdən tutmuş dövlətin ayırdığı güzəştli kreditlərin verilməsinə qədər bütün məlumatlar elektron bazada toplanmalı və ictimaiyyət üçün açıq olmalıdır. Burada şəffaflıq təmin olunmursa, deməli, qaranlıq işlər var və o pullar öz təyinatı üzrə xərclənmir”.

Qeyd edək ki, maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisdəki çıxışında ölkənin gəlirlərində Bakının 88,8, regionların isə 11,2 faiz payının olduğunu açıqlayıb.