Niyə Azərbaycan ərzaqlıq buğda istehsal etmir? - “Seleksiya yox, su qıt...

Niyə Azərbaycan ərzaqlıq buğda istehsal etmir? -

Xəbər verdiyimiz kimi, cari ildən Azərbaycan daxili bazarında sahibkarlıq subyektləri tərəfindən idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiyməti dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırılıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur.

Maraqlıdır, unun və çörəyin qiymətində baş verən dəyişikliyə başlıca səbəblər nələrdir?

“RegionNews.az” xəbər verir ki, iqtisadçı -ekspert Natiq Cəfərli mövzunu “Sherg.az”a dəyərləndirərkən dünya bazarında buğdanın qiymət dəyişiminə diqqət çəkib və ölkəmizin bu sahədəki mövcud durumuna toxunub:

“Son 1 ayda dünya bazarında buğdanın tonu 340 dollar civarında dəyişir. Bu ciddi bahalaşmanın olduğunu göstərir. Ölkəmizi bir illik təmin etmək üçün 4 mln. tona yaxın dənli bitkilər, o cümlədən 1,8 mln. ton ərzaq buğdası lazımdır. Bizdə son illər, təqribən, ilə 1 mln. 850 min ton taxıl istehsal olunur, amma bu həcm ərzaq buğdası deyil, keyfiyyətsizdir, əsasən, mal-qara üçün yem kimi istifadə olunur. Özümüz istehsal etdiyimiz taxılın, ən yaxşı halda, 25-30 faizini ərzaq buğdası kimi istifadə edə bilirik, qalanını xaricdən, əsasən də, Rusiyadan alırıq”.

Ekspert ölkəmizin buğda istehsalı sahəsindəki problemlərindən söz açıb:

“Seleksiya yoxdur. Suvarma üçün su qıtdır. Toxumçuluq və kübrə siyasəti zaydır. Dotasiya mexanizmləri işlək deyil və ən əsası, investorlara ögey münasibət, onların da hökumətə güvənsizliyi var. Dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir - ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir. Azərbaycanda 2020-ci ildə 1 milyon 294 min 604 ton təzə çörək istehsal olunub. Bunun 1 milyon 280 min 556 tonu ərzaq məhsulu kimi istehlak olunub. Bu, adambaşına 128,4 kiloqram çörək istehlakı deməkdir".

Natiq Cəfərliyə görə, bu məsələyə yenidən baxılmalı və imkan daxilində çörək istehlakı azaldılmalıdır:

“İnsanlarımız kasıb olduğundan özlərinə lazım olan kalorini ucuz olan çörəkdən alır.Bu baxımdan çörək istehlakının azalması insanların rifah halının yüksəlməsi ilə düz mütanasibdir.Çörəyin süfrəmizdə, mədəniyyətimizdə yerinin önəmini nəzərə alaraq, istər-istəməz qiymət artımının vətəndaşa ciddi təsir edəcəyini görəcəyik”.

İqtisadçı-ekspert bu xüsusda əsas problemin ölkəmizin özümünü ərzaq buğdası ilə təmin edə bilməməməsində olduğunu diqqətə çatdırıb.