Naxçıvan da “ASAN”laşdırılır: “Xanlıq” rejimindən qurtuluş resepti bəlli oldu - DETALLAR

Naxçıvan da “ASAN”laşdırılır: “Xanlıq” rejimindən qurtuluş resepti bəlli oldu -

Naxçıvandakı “xanlıq” rejiminin paytaxta inteqrasiyasına qərar verilib.

“RegionNews.az” xəbər verir ki, Ovqat.com-un məlumatına görə, bu istiqamətdə ilk addımlar maliyyə sektorunda atılıb.

Bildirilir ki, dekabrın 24-də Naxçıvanda MilliÖN Regional Xidmət Mərkəzinin açılış mərasimi olub. Sayca 4-cü olan MilliÖN Regional Xidmət Mərkəzinin açılması ilə bu ödəniş terminalları artıq Naxçıvan və Qarabağ inzibati regionları da daxil olmaqla Azərbaycanın bütün ərazilərində fəaliyyət göstərəcək. MilliÖN terminal şəbəkəsinin operatoru olan “Komtec LTD” MMC-nin icraçı direktoru Pünhan Nərimanov məsələ ilə bağlı media açıqlamasında bildirib ki, bundan sonra da ödəniş şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

Qeyd edək ki, Muxtar Respublikada indiyədək bütün ödənişlər və pul transferləri “Naxçıvanbank” üzərindən həyata keçirilirdi. Paytaxtın pul köçürmə əməliyyatlarını mərkəzləşdirməyə çalışması və digər bankların da Muxtar Respublikada fəaliyyət göstərməsi təşəbbüsü “xanlıq” rejimi tərəfindən süngü ilə qarşılanırdı. Nəticədə Muxtar Respublikadan Azərbaycanın müxtəlif yerlərinə pul köçürmələrində süni əngəllər meydana çıxır, ən əsası isə bölgədə pulun dövriyyəsi “xanlıq” rejiminin tam nəzarəti altına düşürdü. Bu da imkan verirdi ki, Muxtar Respublikanın hüquq mühafizə orqanları vətəndaşların kassasında “izafi dəyərlər”in miqdarını müəyyənləşdirsin və müxtəlif vasitələrlə həmin pullar rejimin dayaqlarının möhkəmləndirilməsinə yönəldilsin. Artıq pul transferlərinin MilliÖN vasitəsilə həyata keçirilməsi “xan” rejimini başqalarının izafi kapitalına nəzarət imkanını məhdudlaşdıracaq və bütün əməliyyatlar yalnız mərkəzi sistemə bağlanacaq. Nədən ki, MilliÖN-ün Naxçıvan filialına təyinatlar paytaxt tərəfindən təyin olunacaq və yerli hakimiyyətin bu prosesə təsir imkanları sıfıra endiriləcək.

Xatırladaq ki, Naxçıvanın bank sistemlərinin mərkəzləşdirilməsi prosesinin bir müddət əvvəl başladığı bildirilirdi. Ovqat.com-a daxil olan nəlumata görə, Muxtar Respublikadakı bir çox bankların yerli filiallarının ləğv edilmiş, yerlərində heç bir muxtar statusu olmayan şöbələr yaradılmışdı. “"Kapital Bank ASC-nin Naxçıvan MR Baş İdarəsi" belə banklardan biri idi. Ötən il bu filial tamamilə ləğv edilərək yerində yaradılan rayon şöbələrinə bütün rəhbər kadrlar Bakıdan təyin olunmuşdu. Bildirilir ki, bankın yeni rəhbərliyi tərəfindən keçmiş fəaliyyəti diqqətlə araşdırılıb və külli miqdarda çirkli pulların yuyulması və müxtəlif ofşor hesablara köçürülməsi ilə bağlı məlumatlar toplanıb Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdi. Baş Prokurorluğun Naxçıvana ezam olunmuş komissiyasının yoxlamaları nəticəsində milyonlarla manat pulun mənimsənildiyi iddiaları öz təsdiqini tapmışdır. Hətta yaxın günlərdə bununla bağlı qalmaqallı cinayət işinin başladılacağı və bir sıra bankirlərin qoluna qandal vurulacağı gözlənilir”, - saytımızın 28-11-2021 tarixli buraxılışında yayımlanan Naxçıvan "Azərbaycanlaşdırılır": Muxtar Respublika rəhbərliyi bütün varidatını “zorən hərraca” çıxarıb sərlövhəli məqaləsində iddia olunurdu.


Əldə etdiyimiz son məlumata görə, Azərbaycanda fəaliyyət göstərilən digər bankların da Naxçıvanda filiallarının yaradılması planlaşdırılır. Onların fəaliyyətinə rəvac verilməsi, “Naxçıvanbank”a tanınan imtiyazların tamamilə ləğvi və bütün bənzər qurumlara bərabərhüquqlu rəqabət şəraitinin yaradılması Muxtar Respublika hakimiyyətinin iş dünyası üzərində basqı rejimini tamamilə zərərsizləşdirə bilər. Zəngəzur dəhlizinin açılması ərəfəsində bu kimi tədbirlərin görülməsi də təsadüfi deyil. Məlumatlara inansaq, Azərbaycanın və strateji tərəfdarlarımızın yeni layihəsində Naxçıvanıv iqtisadi inkişafı və daha yaşanabilir hala gətirilməsi “Zəngəzur dəhlizi” adlandırdığımız strateji yol xəritəsinin başlıca tələblərindəndir. Şərqdən Qərbə uzanan “Bir Yol, Bir Kəmər” layihəsinin Orta dəhliz marşrutunun qovşaq nöqtəsində yerləşməsi, üstəlik İran-Ermənistan dəmir yol xəttinin də bu bölgədən keçməsi Naxçıvanın qarşısında böyük perspektivlər yaradır. Rəsmi Bakı və Azərbaycanın strateji müttəfiqləri məhz bu amillərdən faydalanaraq Naxçıvanın iqtisadi inkişafını nəzərdə tutan projelər həyata keçirməyə çalışırlar. Bu baxımdan Naxçıvanda yaxın zamanlarda atılması gözlənilən bir sıra addımlar təkcə Azərbaycanın milli maraqlarından irəli gəlmir, həm də beynəlxalq tərəfdaşlarımızın başlıca hədəflərindəndir.

Naxçıvanın yanaşabilir bölgə halına gətirilməsinin əsas hədəflərindən biri də 1995-ci ildən etibarən möhkəmlənən müasir “xanlıq” rejiminin yürütdüyü siyasət nəticəsində Muxtar Respublikanın boşaldılmasının, xarici ölkələrə köçün qarşısını almağa hesablanıb. Bunun üçün isə ilk növbədə “xanlıq” rejiminin dağıdıcı təsirlərinin minimuma endirilməsi, iqtisadiyyatın hərəkətverici qüvvəsi sayılan maliyyə imkanlarının tək əldə toplanmasının və məmur özbaşınalığının qarşısının alınması kimi islahatlar aparılmalıdır.

Təsadüfi deyil ki, son illər “xan” rejiminin ciddi dirəniş göstərdiyi “ASAN Xidmət”in yerli filialının da yaradılması üzərində də önəmli işlər gedir. Məlumata görə, Prezident İlham Əliyev yanvarın 16-da imzaladığı Sərəncamla Naxçıvanda “ASAN Xidmət”in yaradılmasına öz ehtiyat fondundan 8.8 milyon manat vəsait ayırmışdır. “ASAN Xidmət”in fəaliyyətə başlaması Naxçıvanda vətəndaşların yerli idarəçilərdən asılılığını azaldacaq, rüşvətxorluq hallarının qarşısını alacaq. Ən əsası isə indiyədək “xanlıq” rejiminin sütunlarından sayılan idarəetmə mexanizmlərini arabanın 5-ci təkəri halına gətirəcək. Baxmayaraq, Naxçıvan Ali Məclisinin sədri bu perspektiv barədə əvvəlcədən xəbər tutduğundan hələ may ayında tələsik sərəncam imzalayaraq, o dövrdə adı olub özü olmayan “ASAN Xidmət”in sədri vəzifəsinə öz adamını qoymuşdu. İndiyədək Naxçıvan MR Nazirlər Kabinetinin Ümumi şöbənin müdiri vəzifəsində çalışan Tural Akim oğlu Əliyevin “ASAN Xidmət”ə sədr vəzifəsinə gətirilməsi artıq qürub çağını yaşayan “xanlıq” rejiminin son parıltı cəhdi sayılsa da, sözsüz ki, bu quruma kimin rəhbərlik etməsi onun iş prinsipini dəyişmək iqtidarında deyil. Naxçıvan “ASAN Xidmət”inin bütün fəaliyyət proqramı paytaxt tərəfindən hazırlanmış Nizamnaməyə əsaslanacaq və onun tam nəzarəti altında olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli Sərəncamı ilə yaradılan “ASAN Xidmət” qarşısına rəsmi olaraq “operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq” prinsiplərini qoysa da, əslində bütün idarəetmə orqanlarında kök salmış “5-ci kolon”a bağlı məmur sinifinin fəaliyyətini məhdudlaşdırmaq məqsədi güdür. Bu isə Avropa İttifaqının öz “Şərq tərəfdaş”larından tələb etdiyi lüstrasiya siyasəti ilə paralellik təşkil edir. Bir sözlə, bizim milli idarəetmə brendimiz sayılan “ASAN Xidmət” layihəsi əslində Azərbaycansayağı lüstrasiyadır və toplumu “5-ci kolon”un tör-töküntülərindən xilas etməyə hesablanıb.

Görünən budur ki, gələn ildən başlayaraq, Naxçıvanda da bütün rəsmi əməliyyatlar “ASAN”laşacaq.