Nə istilik sistemi var, nə pəncərəsi, nə qapısı... - Şəmkirin qaranlıq təhsil ocağından FOTOLAR

Nə istilik sistemi var, nə pəncərəsi, nə qapısı... -

İstilik sistemi normal işləmir, pəncərələr sınıq-salxaq, sanitar qovşaqda isə su yoxdur. Təsəvvür edin ki, 21-ci əsrdə Azərbaycanda bu vəziyyətdə olan elm, təhsil ocağı- orta məktəb mövcuddur.

“RegionNews.az” xəbər verir ki, bu barədə tanınmış ictimai fəal Elyar İslamoğlu özünün Facebook səhifəsində məlumat paylaşıb. O bildirib ki,

sözügedən acınacaqlı vəziyyət Şəmkir rayon Əhməd Cavad adına şəhər orta məktəbində hökm sürür: “Hazırda məktəbdə təxminən 1080 şagird təhsil alır. Pəncərə şüşələri sındığı üçün taxta və zeştlə bağlanıb deyə siniflər yarımqaranlıqdır. Döşəmə bərbad vəziyyətdədir, istilik sistemi normal işləmədiyi üçün siniflər elektrik sobasıyla qızdırılır. Siniflərin qapısı sınıqdır, şagirdlərə qışda soyuq olmasın deyə pəncərələrə politelen vurulub” – Elyar İslamoğlu vurğulayıb.

O əlavə edib ki, məktəbin içərisində cəmi bir ədəd sanitar qovşaq (tualet) var: “Bura həm müəllimlər, həm də oğlan və qız şagirdlər üçün nəzərdə tutulub. Amma sanitar qovşaqda su yoxdur, yalnız aftafadan istifadə edilir. Xadimə qablarla su daşıyıb gətirir” – ictimai fəal bildirib.

“21-ci əsrdə, Şəmkirin mərkəzində belə bir bərbad vəziyyətdə məktəbin olması utancvericidir. Ümid edirəm ki, aidiyyatı qurumların bu məktəbin vəziyyətindən xəbəri yoxdur, yoxsa indiyədək təmir edilərdi. Təmir üçün vəsait yoxdursa, Şəmkirin sabiq icra başçısı Alimpaşa müəllimin marallarını satıb məktəbi ən müasir şəkildə təmir etmək olar” – deyə Elyar islamoğlu fikirlərini tamamlayıb.

İstilik sistemi, pəncərəsi və qapısı olmayan, sinifləri qaranlıq təhsil ocağından – FOTOLAR