"Nə içməli, nə də suvarma suyumuz var, yollarımız pis gündədir" – Ucar sakinləri şikayətçidir/VİDEO

"Nə içməli, nə də suvarma suyumuz var, yollarımız pis gündədir" –

Ucar rayon Bərgüşad kəndinin bir qrup sakini həm içməli, həm də suvarma suyunun yoxluğundan əziyyət çəkdiklərini, üstəlik kənddəki yol infrastrukturunun da bərbad olduğunu bildiriblər.
“RegionNews.az” xəbər verir ki, bununla bağlı Yeniavaz.com-a müraciət edən sakinlər iddia edirlər ki, məsələ ilə bağlı dəfələrlə səlahiyyətli qurumlara müraciət etsələr də problemlər aradan qaldırılmayıb:
“Bərgüşad kəndinin biz yaşayan hissəsində istifadə etməyə suyumuz yoxdur. 2000 nəfərdən çox insanın yaşadığı kənd ərazisində hamımız əziyyət çəkirik. 
Əkin suyu verilmir, buna görə təsərrüfatımız məhv olub. İnsanlar içməli suya görə əziyyət çəkirlər. Bu barədə Ucar rayon icra hakimiyyətinin başçısına, Ucar rayon Suvarma Sistemləri İdarəsinə və Meliorasiya və Su Təsərrüfatı ASC-yə etdiyimiz şikayətlər araşdırlmadı, heç bir tədbir görmədilər. Əkinlərimizi sulamaq üçün kəndimizin yaxınlığından keçən suyun mənbəyi olan kanalda su bol olsa da, bizə verilmir. Çünki, Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşviq Məmmədov suyu çəltik sahələrinə satır. Müşviq Məmmədov icra başçısı Mənsur Məmmədovun qardaşıdır. Onun isə marağı kapital toplamaqdır.
Əhalisinin əsas məşğulluğu kənd təsərrüfatı olan Bərgüşad kəndində əkin sahələrinə səpilən toxumlar yandı, ağaclarımız tamam quruyub, heyvanlar xəstəlik tapıb. Örüş sahələri quruyub deyə heyvandarlıq məhv olmaq üzrədir. İnsanların belə içməyə suyu yox dərəcəsindədir. Bir maşın içməli suyu bizim kəndə 150 manata gətirirlər. Buna isə susuzluqdan əkini və heyvanı olmayan kəndlinin maddi imkanı çatmır.
Həmçinin kəndimizin biz yaşayan hissəsində yol yoxdur. Tamamilə dağılmış bərbad vəziyyətdə olan torpaq yolda qışda palçıqdan, yayda tozdan hərəkət etmək olmur. Buna görə insanlar xəstə düşüblər. Sanki bizim yaşadığımız ərazi cəhənnəm vadisidir nə suyu var, nə də ki, yolu”.
Sakinlər kənddə qaz xətti olduğu halda qazın verilməsində də problemlər olduğunu bildiriblər və qeyd ediblər ki, növbəti dəfə də onların problemləri aradan qaldırılmasa, etiraz əlaməti olaraq Bakı-Qazax magistral yolunu bağlayacaqlar.


Ucra rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vaqif Mehdiyev məsələ ilə bağlı Yeniavaz.com-un sorğusunu cavablandırıb və bildirib ki, kəndin sözügedən hissəsində həqiqətən də su ilə bağlı problem mövcuddur:
“Suvarma kanalının uzunluğu təxminən 40 kilometrdir və torpaq məcralıdır. Ona görə də verilən suyun təxminən 45-50 faizi yolda itir. Su mərhələli şəkildə, qrafiklə verilir. Kəndin aşağı hissələrinə su gedib çatmır. Onlara da mərhələli şəkildə, həftədə bir dəfə növbə ilə verilir. Düzdür, arxın uzunluğuna və torpaq məcralı olmasına görə hər gün oraya su verilə bilmir. Ucarın suvarma suyuna tələbatı 15-16 kubmetr olduğu halda, biz 8-10 kubmetr su alırıq. Su çatışmazlığı var, quraq keçir və camaatın tələbatını ödəmir. 
İçməli su ilə bağlı layihə hazırlanıb. Biz dəfələrlə “Azərsu” qarşısında bununla bağlı məsələ qaldırmışıq. Maliyyə vəsaiti ayrılanda onun tikintisinə başlanılacaq”.
V. Mehdiyev Suvarma Sistemləri İdarəsinin müdiri Müşviq Məmmədovun suvarma suyunu satması ilə bağlı iddiaya belə münasibət bildirib:
“İçməli su kimi suvarma suyu da satılır. Suvarma Sistemləri İdarəsi onu topdan alır, yerlərdəki su birliklərinə verir, onlar da pərakəndə şəkildə insanlara satırlar. Çəltiyin əkilməsində heç bir qanunauyğunsuzluq yoxdur”.
Başçının müavini avtomobil yolunun bir hissəsinin təmir olunduğunu, qalan hissəsinin də gələn il təmir olunacağını bildirib. 
İçməli suyun verilməsi ilə bağlı layihənin nə vaxt reallaşdırılacağını öyrənmək üçün “Azərsu” ASC ilə əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı.
Sakinlərin qazın verilməməsi ilə bağlı iddialarına cavab olaraq “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, artıq kənddə qazın verilməsi ilə bağlı problem aradan qaldırılıb:
“Həqiqətən də ötən gün Ucar rayonunun Bərgüşad kəndində qazın verilməsində problem yaranıb. Tənzimləyicidə problem yaşanıb və çilingərlər dərhal hadisə yerinə yollanıb, müdaxilə ediblər. Bir neçə saatdan sonra sözügedən kəndin qazının verilməsi artıq bərpa olunub. Artıq o kənddə qazın verilməsi ilə bağlı problem yoxdur”.