Müəllim-məşqçi heyəti Gəncə Olimpiya Kompleksini TƏRK EDİB - Yeni direktor isə ÜZƏ ÇIXMIR

Müəllim-məşqçi heyəti Gəncə Olimpiya Kompleksini TƏRK EDİB -

Ölkədə aparılan olimpiya hərəkatı çərçivəsində 2002-ci ildə ümumi ərazisi 3 hektar olan Gəncə Olimpiya Kompleksi istifadəyə verilib. 

İdman qurğusunun əsas binasında tamaşaçı tutumu 900 nəfər olan idman zalı və 220 nəfərlik güləş zalı var.

2006-cı ildə isə kompleksin II korpusu inşa olundu. Çünki birinci tikilən binada əsas olimpiya növlərindən olan üzgüçülük və digər su idmanı ilə məşğul olmaq üçün hovuz inşa edilməmişdi. İkinci bina istifadəyə veriləndə ölçüsü 25x15m, tamaşaçı tutumu 120 nəfər olan örtülü üzgüçülük hovuzu, 10 geyinib-soyunma, 1 köməkçi və 1 məşqçi-müəllim otaqları, 1 məşq zalı, 1 konfrans zalı, 2 kafe, inzibati otaqlar və qarderob istifadəyə verildi. 

Həmin dövrdə kompleksin ərazisində 160 nəfər tamaşaçı tutumu olan açıq basketbol meydançası da inşa edildi. Amma artıq 20 yaşına yetişmiş idman kompleksi bu gün demək olar ki, istifadəyə yararsızdır.

Bizim.Media-nın yerli bürosu Gəncə İdman Kompleksinin mövcud durumu ilə maraqlanıb.
Müəssisədən verilən məlumata görə, bu gün kompleksdə idman növləri ilə yüksək səviyyədə məşğul olmaq üçün lazımi şərait yoxdur.

Qismən də olsa üzgüçülük hovuzu fəaliyyət göstərir. Burada vaxtilə 10-dan artıq müxtəlif idman növü üzrə dərslər keçirilib. Məşqlərə maraq olsa da, binanın baxımsızlıqdan bərbad vəziyyətə düşməsi həm idmançıların, həm də məşqçilərin işində böyük çətinliklər yaradır. Binanın zallarının bəzi yerlərində döşəmələr və tavanlar yararsiz vəziyyətdədir. 

Bir zamanlar ölkənin mötəbər idman yarışlarına ev sahibliyi etmiş binanın həm daxilində, həm də xaricində divarlar dağılmış vəziyyətdədir.

Bundan başqa kompleksin dövlət qurumlarına yüz minlərlə borcu var. Ona görə də kompleksin qaz və su təminatında problem yaranıb. Borc içində olan kompleksi maddi təminatsızlığa görə müəllim-məşqçi heyəti də tərk edib.


İdman qurğusunun vəziyyəti ilə yaxından tanış olmaq üçün rəhbərlk ilə görüşmək istəsək də bu mümkün olmadı. Çünki kompleksin direktoru bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılb və onun yerinə Gənclər və İdman Nazirliyi tərəfindən təyin olunan yeni rəis təyin olunsa da buralarda görünmür.