Mingəçevir İcra Hakimiyyətindən "özünü qazi kimi təqdim edən" şəxslə bağlı AÇIQLAMA

Mingəçevir İcra Hakimiyyətindən "özünü qazi kimi təqdim edən" şəxslə bağlı

Sosial şəbəkələrdə özünü qazi kimi təqdim edən şəxs, video müraciət yayıb.

“RegionNews.az” xəbər verir ki, hərbi forma geyinmiş və qazi olduğunu iddia edən şəxs sözügedən videoda Mingəçevir şəhər icra başçısına ağır ittihamlar səsləndirib. Bundan əlavə o, bildirib ki, başçı veteranları incidir və hətta onun özünü də məhkəməyə verib.

Daha sonra icra hakimiyyəti məlumat yayaraq, məsələyə aydın gətirib. Məlumatda bildirilir ki, Pənah Məmmədov müharibə iştirakçısı olmayıb və fəraridir.

“Sosial şəbəkədə etdiyi çıxış heç bir fakta əsaslanmır. Çıxışında Mingəçevir şəhərində şəhid ailələri və qazilərin incidildiyini deyir, lakin bu da əsassızdır. Heç bir fakt göstərmir və ümumi sözlərlə şər-böhtan xarakterli çıxış edir, Şəhər İcra Hakmiyyətinin başçısının və onun ailə üzvlərinin ünvanına yersiz ifadələr işlədir.

Nəzərinizə çatdıraq ki, Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Mingəçevir şəhərində Qarabağ müharibəsi iştiraçılarına daim diqqət və qayğı göstərilir. Onları narahat edən bütün problemlər vaxtında qeydiyyata götürülür və aidiyyatı üzrə tapşırıqlar verilir.

P.Məmmədov bundan əvvəl də dəfələrlə Şəhər İcra Hakimiyyətinin başçısının ünvanına heç bir əsası olmayan şər-böhtan xarakterli məlumatlar yayıb. Vətəndaşa dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilib. Lakin vətəndaş öz əməllərindən əl çəkməyib. Şəhər İcra Hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirdiyinə görə, Pənah Məmmədovun qanuna müvafiq qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəməyə müraciət edilib”.

Pənah Məmmədovun da məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışacağıq. (bizimyol.info)