Milyonerlər niyə xeyriyyəçilik etmir? – “Özlərini aşkara çıxarmaq istəmirlər…”

Milyonerlər niyə xeyriyyəçilik etmir? –
Sosial şəbəkələrdə soyad, ad, ünvan, foto göstərməklə çox açıq şəkildə imdad diləyən, yardım istəyən insanlar gündən-günə artır. Adətən onlara əl tutanlar da elə orta təbəqə ya da maddi imkanları zəif olanlardır. 
 Maraqlıdır, ölkədə milyonerlər, milyarderlər niyə həmin şəxslərə kömək etmir? Azərbaycanda xeyriyyəçilik ənənəsi niyə hələ də formalaşmayıb?
RegionNews.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda bu günə qədər rəsmi qeydiyyatdan keçən, vergisini ödəyən, leqal şəkildə fəaliyyət göstərən milyonçular yoxdur:

"Necə ki, biz bunu 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycanda görürdük. Rəsmi neft milyonçuları var idi, onlar müxtəlif təhsil proqramlarının reallaşdırılmasında, xeyriyyəçilik işlərində çox aktiv idilər. Bizdə, siyasi-iqtisadi sistem də elə qurulub ki, rəsmi milyonçuların üzə çıxması mümkün deyil.

Azərbaycanda qeyri-leqal milyonçulardır, onlar da xeyriyyəçilik işlərində açıq-aşkar iştirak edərək özlərini aşkara çıxarmaq istəmirlər. Ona görə də bu cür problem yaranır. Əsasən də adi vətəndaşların çox zaman bu tipli yardım çağırışlarına səs verdiyinin, iştirak etdiyinin şahidi oluruq. Bu məsələ çox ciddidir və buna görə xeyriyyəçilik işi ölkəmizdə institutlaşmayıb”.
N.Cəfərli qeyd edib ki, Azərbaycanda əvvəllər müxtəlif xeyriyyəçilik məsələləri ilə bağlı vergi güzəştləri nəzərdə tutulurdu: "İndi də müəyyən dərəcədə qanunvericilikdə bununla bağlı məqamlar var. Amma təəssüf ki, bunun işlək mexanizmi yoxdur. Bu baxımdan Azərbaycanda xeyriyyəçilik məsələsi ciddi yayılmayıb”.
Milli Məclisin deputatı Naqif Həmzəyev isə saytımıza açıqlamasında qeyd edib ki, Azərbaycanda xeyriyyəçilik ənənəsi bir neçə səbəblərə görə formalaşmayıb:
"Kimin imkanı varsa, insanlara dəstək olur, kifayət qədər yardımlar edilir. Lakin xüsusi vəqflər, fondlara gəldikdə, bu sistem bizdə hələ tam oturuşmayıb. Bilirsiniz, xarici ölkələrdə bu cür xeyriyyə işlərinə və ya hansısa faydalı işlərə vəsait ayıran iş adamları vergidən azad olunur, yaxud başqa güzəştlər edilir. Bu sistem isə ölkəmizdə tam formalaşmayıb. Düzdür, bu istiqamətdə qanunvercilikdə bəzi maddələr var.
 Düşünürəm ki, bir müddət sonra bu cür xeyriyyə fondlarının yaradılması mümkün olacaq. İndi də yardıma ehtiyacı olan insanlara məsələn, Heydər Əliyev Fondu, qazilərə, şəhid ailələrinə "Yaşat” Fondu tərəfindən dəstəklər olunur.  Yəni, var, amma bu cür fondların sayının çox olması üçün zaman lazımdır. Yəqin ki, yaxın illərdə məsələ öz həllini tapacaq”.