Milli Məclisin boş qalan 5 kreslosu: Lider namizədlər kimlər olub?

Milli Məclisin boş qalan 5 kreslosu:

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında Milli Məslidə boş qalan dairələrə yaxın vaxtlarda seçkilərin keçiriləcəyini deyib.

MSK sədri bildirib ki, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır: "Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq".

Cebhe.info xatırladır ki, ötən ilin 9 fevralında 125 dairə üzrə keçirilən seçkilərdən sonra 4 dairənin- 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv olunub. Beləliklə, parlament 121 deputatla öz işinə başlayıb.

Ötən ilin 4 avqustunda isə 116 saylı Qəbələ Seçki Dairəsinin deputatı Fəttah Heydərov dünyasını dəyişib. Bununla da parlamentdə boş qalan yerlərin sayı 5-ə çatıb. Nəticələri ləğv olunan dairələrdə isə MSK-nin son məlumatlarına görə lider namizədlər bunlar idi:

- 80 saylı İmişli-Beyləqan Seçki Dairəsi - lider namizəd Çingiz Qənizadə;

- 74 saylı Lənkəran Kənd Seçki Dairəsi - lider namizəd Hadı Rəcəbli;

- 35 saylı Xətai Üçüncü Seçki Dairəsi - lider namizəd Rauf Arifoğlu;

- 33 saylı Xətai Birinci Seçki Dairəsi - lider namizəd Hüseynbala Mirələmov.