Masallının icra başçısı Qarabağ döyüşçüsündən qisas alır – Şikayət

Masallının icra başçısı Qarabağ döyüşçüsündən qisas alır –

Masallı sakini, Qarabağ döyüşçüsü  Əhəd Əhədovun RegionNews.az – a şikayəti daxil olub.  Əhəd Əhədov şikayətində bildirir ki, Masallı rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov ondan qisas alır:

“Şahin Məmmədovun icazəsi ilə Icra Hakimiyətinin balansında olan, istismara tam yararlı binanın satıldığı  üçün Prezident Administrasiyasına şikayət etmişəm.  Şikayətimdən sonra icra hakimiyyətinin başçısı Şahin Məmmədov mənə qarşı təqiblərə başlayıb.  İşlədiyim Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 nəfərdən ibarət şöbəsinin əməkdaşları iki dəfə İcra Hakimiyyətinə iclasa çağırıldı. MKT-da Respublika Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən yoxlama aparılmasına rəğmən, İcra Hakimiyyəti də parallel yoxlamalara başladı. İcra Başçısının göndərdiyi yoxlama yalnız bizim şöbəni yoxladı. Heç bir qanunsuzluq tapa bilməsələr də elan etdilər ki, guya bizim şöbənin 4 min manatdan artıq borcu var. Guya bu Yığım şöbəsinin 6 nəfər işçisinin 2019-2020-ci illərdə yığılan borclarıdır. Bildirmək istəyirik ki, 2019-cu ildə Hesablama Palatası bizim idarədə yoxlama aparıb və bizim şöbənin heç bir borcu olmayıb.

 Əgər borcumuz var idisə, nə üçün mühasib və idarə rəhbəri bu haqda bizə heç bir irad bildirməyib? Əksinə borc olsa belə burada mənim məsuliyyətim yoxdur. Çünki iki dəfə rayon və Respublika Prokurorluğuna müraciət edib, idarə rəhbərinin səlahiyyətlərimin icrasına mane olduğundan şikayət etmişəm. İcra Hakimiyyətinin başçısı ona qarşı çıxdığıma görə mən və şöbədə çalışan 5 nəfər əməkdaşı qanunsuz olaraq işdən çıxartdı. Başçı məndən qisas alır. Bizi 70 C maddəsi ilə işdən azad ediblər. İşçılərin hamısı cavan adamlardır. Bu maddədən sonra onlar harda iş tapa biləcəklər? Bu bizə qarşı repressiyadır”

Telefon nömrələri cavab vermədiyindən Masallı icra hakimiyyəti ilə əlaqə yarada bilmədik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.