Masallıda Hüseynovların 40 illik “imperiyasına” son qoyuldu - Nazirdən əmr...

Masallıda Hüseynovların 40 illik “imperiyasına” son qoyuldu -

Doğrudanmı, şəhər 1 saylı tam orta məktəb direktoru vəzifəsindən azad olunub?

Masallı şəhər 1 saylı tam orta məktəbin direktoru Mirxanım Hüseynova və Masallı şəhər 6 saylı məktəbin direktoru (Seybətin məktəbi) Elman Nəzərov işdə yol verdiyi ciddi nöqsanlara görə Təhsil Nazirliyinin əmri ilə daşıdıqları vəzifələrindən azad olunublar. 

Beləliklə, Masallıda boş direktor vəzifələrinin sayı 12-yə çatdı. Xatırladaq ki, Masallı şəhər 1 saylı məktəbinə 40 ilə yaxın idi ki, “Tərəqqi” medallı “Əməkdar müəllim” Mirqabil Hüseynov rəhbərlik edirdi. Onun başının üstündə dəfələrlə xeyli “qara buludlar” əssə də, “hamının dostu” olmağa bacaran Mirqabil Hüseynov bu xatalardan yan keçə bilmişdi. 2 il öncə qəfildən “radara”düşdüyündən direktorluqdan müavinliyə keçdi. 

Direktorluğu isə yaxın qohumu M. Hüseynovaya etibar etdi. Həmin vəzifədə kimin olmasından asılı olmayaraq Mirqabil müəllimin “ruhu” orada dolaşırdı. 

Nəhayət, bir neçə ay öncə Mirqabil müəllim vəziyyətin “rusca” olduğunu görüb müavinliklə də vidalaşdı. Bir neçə gün öncə Ağsaqqallar Şurasının üzvlüyündən də çıxarılan Mirqabil müəllim bu günlər daha bir bəd xəbər aldı- onun orada sonuncu dayağı-Mirxanım Hüseynova da Masallı Təhsil Şöbəsinin apardığı yoxlamaların nəticəsinə və təhsil nazirliyinin müvafiq əmrinə əsasən vəzifəsi ilə vidalaşıb.

Beləliklə, Hüseynovların bu məktəb üzərində 40 illik “imperiyasına” son qoyulub. RTŞ müdiri cəsarətli M. Hüseynovla “tetate” döyüşə getdi və uddu. Ortada bu məktəblə bağlı az qala dastanlara sığmayan ilginc məlumatlar olsa da, köhnə salam-əleykə görə, hələ ki, susmağa üstünlük verdik. 

Son məlumata görə, 26 aprel 2021-ci ildə məktəbdə son təhvil-təslim işləri aparılacaq. Beləliklə, 40 illik “imperiyanın” sonu. 

Allah səbir versin! 

Сenub.az