Mənzil təminatında bölgələrarası fərq necədir?

Mənzil təminatında bölgələrarası fərq necədir?

İqtisadçı ekspert Rövşən Ağayev ölkənin mənzil təminatında bölgələrarası fərqləri araşdırıb.

RegionNews.az xəbər verir ki, iqtisadçının sözlərinə görə, əhalinin 1000 nəfərinə düşən mənzillərin sayına görə ölkənin bölgələri arasında fərq 4 dəfədən bir qədər çoxdur:

"Ən yüksək göstəriciyə sahib olan bölgələr Abşeron rayonu (553), Naftalan şəhəri (289), Göygöl rayonu (270), İsmayıllı rayonu (265) və Gəncə şəhəridir (261).

Böyük ehtimalla, Abşeron rayonunun göstəricilərinin hətta ilk 5-liyə daxil olan bölgələrdən kəskin fərqlənməsi rayon ərazisində qeydiyyatsız məskunlaşmanın səviyyəsinin yüksək və ya mənzil alanların sayının kifayət qədər çox olması ilə bağlıdır.

Ən aşağı göstərici isə Lerik, Yardımlı, Qobustan, Cəlilabad, İmişli və s. kimi bölgələrdə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə düşən mənzil sayına görə Azərbaycan üzrə orta göstərici 213 ədəddir və 33 bölgənin göstəricisi bu həddən yüksək, 24 bölgə üzrə isə aşağıdır. Mütləq ifadədə 2019-cu ilin yekunlarına görə, ölkədə təxmini 2 mln. 147 min mənzil mövcud olub ki, onun da təxmini 762 min və ya bütün mənzillərin 36%-i Bakı, Sumqayıt və Abşeronun, yerdə qalan təqribən 1 mln. 385 min və ya 64%-i isə yerdə qalan bölgələrin payına düşür".