Lerikin Lərməvud kəndi - Azərpoçt, ATS və Tibb məntəqəsinin yerləşdiyi tarixi bina

Lerikin Lərməvud kəndi -

Lerik rayonu Lərməvud kənd poçt şöbəsi əsaslı təmirdən sonra yenidən əhalinin istifadəsinə verilib. 

“RegionNews.az” xəbər verir ki, İnfom.az-a bu barədə yerli mənbələrdən məlumat daxil olub.

Məlumatda qeyd olnur ki, bu ,,möhtəşəm arxitektura binası " hələ keçən əsrin 30 cu illərində yerli sənətkarlar tərəfindən, yerli xammaldan və inşaat materiallarından istifadə edilməklə inşa olunub, yalnız kosmetik təmirlərlə kifayətlənmişdi. 

Əhalinin çoxsaylı müraciətlərinə əsasən , Lerik rayon icra hakimiyyəti qısa müddətdə bu binanı əsaslı təmir etmişdir. Binanın tarixi əhəmiyyətini nəzərə alaraq, xarici və daxili görkəmi dəyişməz olaraq qalıb. 

Binanın dam örtüyü 80 ci illərdə Saratovda istehsal olunan şiferlərlə örtülmüş, fasad hissəsi əhənglə ağardılmışdır. Bənzərsiz arxitekturasına xələl gətirməmək məqsədilə qapı və pəncərə tünd yaşıl rənglə boyalanıb. Binanın həyəti, öz dövrünün avanqard stili sayılan meşə ağaclarının budaqları ilə nəfis şəkildə hasarlanmışdır. 

Binaya gələn maşın və piyada yolu, asfalt və betondan, daş və çınqıldan istifadə etməmək şərtilə, yaşıl otlarla örtülmüşdür. Binanın daxilində çəkilişə icazə verilməməsi səbəbindən, bu bənzərsiz təmiri sizə təqdim edə bilmirik, amma sözlə çatdırmaq istəyirik. 

Döşəmə yerli torpaq növlərindən istifadə olunmaqla, tökmə döşəmədir, saman və peyin qarışığı, döşəməyə ,,mozaika " effekti verir. Divarlar bataqlıq şirələri ilə göy rənglərə boyanıb, paltar asmaq üçün divarlara müasir mıxlar vurulub. Mebellər yerli istehsaldır, üç stol və üç ,,taburetkadan " ibarətdir. Meşə ağacları ilə arxitekturaya uyğun nəfis şəkildə asma tavan isə, binaya xüsusi gözəllik verir. İşıqlandırma sistemi bir İliç lampasından ibarətdir, ehtiyat enerji mənbəyi kimi, kerosin lampası ilə təmin olunub. 

Qışda istiliyi itirməmək və yayda istidən qorunmaq məqsədilə, tavan üst tərəfdən köhnə həsir və palazlarla örtülmüşdür. Binanın qarşı tərəfini Azərpoçtun yeni loqotipi ilə hazırlanmış lövhəsi və keçən əsrdən qalmış, məktublarçün nəzərdə tutulmuş poçt qutusu bəzəyir. 

Qeyd edək ki, bu binada Azərpoçtla bərabər həm də ATS və Tibb Məntəqəsi yerləşir.

Açılışda iştirak edən kənd sakinləri, rayonun struktur rəhbərləri Rayonun İcra Başçısına, Tikinti- Təmir və Arxitektura idarəsinə minnətdarlığını bildirdilər. Fəxri qonaqlar qismində dəvət olunmuş Roma Qafarov və Əlyar Ağayev öz çıxışlarında bu binanın tarixindən, təmir zamanı milli ornamentlərin riyazi dəqiqliklə qorunub saxlanılmasından, gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında yerli binaların əhəmiyyətindən söz açdılar. Açılış mərasimi yerli təqaüdçülərin alqış sədaları və kənd mollasının xeyir- duası ilə başa çatdı. 

Müasirlik, köhnənin dağıdılıb, hər şeyin təzəsi demək deyil, köhnənin göz bəbəyi kimi qorunub, təzəsi ilə vəhdəti deməkdir. Əhalinin müraciətlərinə operativ şəkildə baxdığına, sakinlərin qayğılarına biganə qalmadığına görə, Lerik rayon rəhbərliyinə bir daha təşəkkür edib, yeni nailiyyətlər diləyirik.