Koronavirusdan sağalan şəxs nə vaxt və neçə dozada peyvəndlənməlidir?

Koronavirusdan sağalan şəxs nə vaxt və neçə dozada peyvəndlənməlidir?

Koronavirus infeksiyasına yoluxub sağalmış insanlar virusdan yetərincə qoruna bilmək üçün nə vaxt və neçə dozada peyvəndlənməlidirlər?

“RegionNews.az” xəbər verir ki, Almaniyanın “Deutsche Welle” telekanalının internet səhifəsində dərc olunmuş yazıda bildirilir ki, hazırda dünyada davam edən kütləvi vaksinasiya prosesində ortaya çıxan əsas suallardan biri budur.

Almaniyalı immunoloqların fikrincə, infeksiyaya yoluxub sağalmış adamların iki dozada peyvəndlənməsinə ehtiyac yoxdur.

Almaniya İmmunoloqlar Cəmiyyətinin rəhbəri, professor Karsten Vatsl COVİD-19 xəstəliyini keçirmiş pasiyentlərə peyvəndin bir dozasının kifayət etdiyini deyir. Professor ikinci dozanın təhlükə yaratmadığını, ancaq buna ehtiyac olmadığını da vurğulayır.

Karsten Vatslın sözlərinə görə, yoluxmadan sonra virusa qarşı hətta az miqdarda antitelə yiyələnmiş insanların da immun sistemi peyvəndin bir dozasına güclü reaksiya verir və onlar bir doza nəticəsində başqalarının iki dozada qazandığı qədər antitelə sahiblənə bilirlər.

Almaniya İmmunoloqlar Cəmiyyətinin sədr müavini, professor Raynhold Förster də koronavirusdan sağalmış insanların peyvəndin bir dozasıyla xəstəlikdən yetərincə müdafiə olunduğunu düşünür. O deyir ki, belə pasiyentlərə vaksinin ikinci dozasını vurmaqdansa, peyvəndlənməmiş insanları vaksinasiya prosesinə cəlb etməklə məşğul olmaq lazımdır.

Almaniyanın Ümumi Vaksinasiya Komissiyası da koronavirusdan sağalmış adamlara peyvəndin yalnız bir dozasını qəbul etməyi məsləhət görür. Komissiyanın tövsiyəsinə görə, həmin dozanı xəstəlikdən sağalandan 6 ay sonra vurdurmaq daha yaxşıdır.

Almaniyanın Robert Kox İnstitutunun araşdırmasına görə, peyvəndin bir dozası infeksiyadan sağalmış insanlarda immun sistemini daha da gücləndirməyə bəs edir. Bu institutun mütəxəssisləri koronavirusdan sağalmış adamlara 6 ay sonra peyvəndlənməyi və bir doza ilə kifayətlənməyi tövsiyə edirlər. İnstitut bəyan edir ki, koronavirusdan sağalmış pasiyent dövlət səviyyəsində təsdiqlənmiş istənilən peyvəndin bir dozasını qəbul etməklə xəstəliyə qarşı güclü immunitet qazana bilər. (novator.az)