İmişli sakini ayrı-seçkiliyə məruz qaldığını iddia edir

İmişli sakini ayrı-seçkiliyə məruz qaldığını iddia edir

Vəzifəsi işləyərkən zərərli sahəyə aid olub, işdən çıxarkən yox 

“Mən 330/110 kv-lıq elektrik yarımstansiyasında növbətçi-dispetçer vəzifəsində işləmişəm. 12 il 6 aydan artıq müddətdə xüsusilə zərərli və ağır əmək şəraitli işdə çalışdığımdan və 60 yaşım tamam olduğundan güzəştli şərtlə yaşa görə əmək pensiyası almaq üçün Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinə müraciət etdim. 

Lakin Nazirlər Kabinetinin qərarı əsas götürülərək bu hüquqdan istifadəm məhdudlaşdırılıb. Bu qərar mənim və mənim kimi zərərli sahədə işləmiş xeyli sayda vətəndaşın sosial təminat hüququnu pozur.” 

İmişlinin Qaravəlli kənd sakini Əlizaman Bəbişov Azərbaycan prezidentinə və ombudsmana ünvanladığı şikayətdə belə yazır

Vətəndaş həmin müraciətin surətini infom.az-a da göndərib. 

Yazdığına görə işlədiyi sahə və tutduğu vəzifə sağlamlıq üçün zərərli hesab edilib və bu zərərə görə vəzifə maaşımdan savayı əlavə ödənc alıb. 330 kv-lıq yarımstansiyada işləyən dispetçerlərin hazırda da bu ödənci aldıqlarını söyləyir. Lakin pensiya üçün müraciət edəndə ona Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” göstərilib: 

“Siyahıda elektrik montyoru və çilingər vəzifələri qeyd olunub, dispetçer isə yox. Bunu əsas götürərək DSMF mənə güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edir.” 

Ə. Bəbişov Nazirlər Kabinetinin həmin qərarını ədalətsiz hesab edir və sual edir:

 “Necə ola bilər ki, əmək şəraitimiz və vəzifə funksiyamız işlədiyimiz müddətdə sağlamlıq üçün zərərli hesab edilsin, amma pensiya təminatı zamanı yox?” 

O, eyni təsirə məruz qalanlara pensiya təminatında fərqli yanaşmanı Konstitusiya ilə təminat altına alınan bütün vətəndaşların bərabərlik hüququnun pozuntusu hesab edir. İmişli sakini dövlət başçısı və ombudsmandan məlum siyahının dəqiqləşdirilməsini xahiş edir.