İcra və Probasiya İdarəsi vətəndaşı İNCİDİR - GİLEY

İcra və Probasiya İdarəsi vətəndaşı İNCİDİR -

Göyçay şəhəri Natavan küçəsi ev 70-də yaşayan Mayılova Minayə Seyidağa qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli, cənab Prezident, hörmətli Mehriban xanım, Salyan rayon İcra və Probasiya İdarəsinin rəisi Ağahüseyin Fərzəliyev və icra məmuru Orxan İsrəfilov öz fəzifə səlahiyyətlərindən sui-istifadə edərək məni özümü öldürmə həddinə çatdırıblar. Belə ki, Salyan rayon Qarabağlı kəndində daimi qeydiyyatda olan Atayev Hikmət Sərdar oğlundan 17 500 manat pulun alınaraq mənə verilməsi barəsində Salyan Rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli 2(057)-2019 saylı qətnaməsinin 26.07.2019-cu il tarixdən başlanmış icraatın tələbi bu günə qədər təmin edilməmişdir. Bunun səbəbidə Salyan rayon İcra və Probasiya şöbəsinin rəisi Ağahüseyin Fərzəliyev və icra məmuru Orxan İsrəfilovdur. İcra şöbəsinin rəisi və icra məmuru Orxan İsrəfilov borclu Hikmət Atayev haqqında iki dəfə inzibati həbs edilməklə öz işlərini bitmiş hesab edirlər. Hətta mən borclunun həbs olunmasını tələb etdikdə isə mənə Hikmət Atayevin cinayət məsuliyyətinə cəlb olunması haqqında saxta təqdimat verirlər. Həmin təqdimatın surətini müraciətimə əlavə edirəm.



Qeyd edim ki, Hikmət Atayev qətnamədəki qanuni tələbləri yerinə yetirmədiyinə və tələbləri icra etmədiyinə görə Salyan Rayon Məhkəməsinin qərarı ilə 05.11.2020-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə, 09.03.2021-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Hər iki tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Buna baxmayaraq borclu Hikmət Atayev yenə öz qanuna zidd hərəkətlərini davam etdirərək icra sənədləri üzrə müəyyən olunmuş tələbləri icra etməyir.

Borcun ödənilməsi üçün Hikmət Atayevə 29.03.2021-ci il tarixində yenidən xəbərdarlıq edilsədə yenə öz qanunazidd hərəkətlərini davam etdirir. Göründüyü kimi Hikmət Atayev iki il ərzində borc öhdəliyini yerinə yetirməyir və borcun ödənilməsinə heç təşəbbüsdə göstərməyir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə, iki dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarını təmin etməyir. Onun bu əməlində qərəzlilik elementi var ki, bununlada mənim qanunla qorunan hüquqlarımı pozur.Ona dəfələrlə xəbərdarlıq edilməsinə, iki dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarını təmin etməməklə cinayət törədir.

Onun törətdiyi bu cinayət əməlinə görə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə o cinayət məsuliyyətinə cəlb olunmalıdır. Lakin Salyan rayon İcra və Probasiya şöbəsinin rəisi Ağahüseyin Fərzəliyev və icra məmuru Orxan İsrəfilov Hikmət Atayevin bu hüquqazidd hərəkətlərinə göz yumaraq onun cinayət məsuliyyətindən yayındırırlar. Baxmayaraq ki, dəfələrlə mən rəsmi qaydada pozulmuş hüquqlarımın bərpa olunması üçün Hikmət Atayevin cinayət məsuliyyətinə cəlb olunması barəsində şöbə rəisindən və icra məmuru Orxan İsrəfilovdan təqdimat təqdim etməlirini tələb və xahiş etsəmdə onlar bunu etmirlər və əvəzində mənim şikayətlərimin qarşısını almaq üçün saxta təqdimat mənə verirlər ki, guya onlar bu təqdimatı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriblər.Mənim sonuncu müraciətimdən sonra məlum olur ki, onlar mənə təqdim etdikləri təqdimatı göndərməyiblər.

Hörmətli, cənab Prezident, hörmətli Mehriban xanım, mətbuat vasitəsi ilə Sizə bildirirəm ki, yuxarıda qeyd etdiyim kimi artıq bu şəxslər məni canımdan bezdiriblər.Məni özümü öldürmə həddinə çatdırıblar. Çünki Hikmət Atayevin borclu olduğu pulu vermədiyinə görə sahibkarlıq fəaliyyətim dayandırılıb. Ona görədə Sizdən xahiş edirəm öz fəzifə səlahiyyətlərindən sui-istifadə edərək məni özümü öldürmə həddinə çatdıran Salyan rayon İcra və Probasiya şöbəsinin rəisi Ağahüseyn Fərzəliyevin və icra məmuru Orxan İsrəfilovun ciddi cəzalandırılması haqqında tapşırıq verəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...