“İcra başçıları bütün səlahiyyət hədlərini aşır” – Nə dəyişəcək?

“İcra başçıları bütün səlahiyyət hədlərini aşır” –

Bəzi icra başçılarının yarıtmaz fəaliyyəti cəmiyyətin bütün təbəqələrini ciddi şəkildə narahat edir. Əksəriyyət vəziyyətdən çıxış yolu kimi icra hakimiyyətlərinin ləğv edilməsini və rayonların birləşdirilməsini göstərir.

Maraqlıdır, Azərbaycanda bu dəyişikliklərə gedilə bilərmi? Əyalət sisteminə keçid əhalinin sosial vəziyyətinə necə təsir edər?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən siyasi şərhçi İlham İsmayıl indiki vəziyyətdə rayon icra hakimiyyətlərinin ləğv edilməsinin və ya onların səlahiyyətlərinin azaldılmasının gözlənilən olmadığını diqqətə çatdırıb:

“Ümumiyyətlə, icra hakimiyyətləri ləğv oluna bilməz, çünki hətta ən demokratik ölkələrdə belə bir vali sistemi var. Orada dövlət nümayəndəsi fəaliyyət göstərir. Bu baxımdan bizdə icra hakimiyyəti qalmalıdır, sadəcə icra hakiminə məktəbə direktor təyin etmək kimi bir səlahiyyət verilməməlidir. Çünki o zaman icra başçıları padşahlara çevrilir. 

Rayon icra hakimiyyətlərini ləğv etmək yerinə, onların səlahiyyətini xeyli azaldıb seçki yolu ilə bələdiyyələrə vermək lazımdır. Bu zaman xalq da seçdikləri adamların onların qayğısına qaldığını görər. Səlahiyyət azalarsa artıq hamı başa düşəcək ki, bütün işlər icra hakimiyyətindən keçmir. Çünki bizdə şəhidin ailə üzvü də, sosial narazılığı olan vətəndaş da, məktəb müəllimi də, ümumiyyətlə, rayonda hər kəs bir nəfəri tanıyır və ona müraciət edir. Ona görə də icra başçıları bütün səlahiyyət hədlərini aşır, çox uğursuz addımlar atırlar. Dediyim kimi, dövlətin nümayəndəsi olaraq bir icra başçısı fəaliyyət göstərməlidir, amma bunun adını başqa cür də qoymaq olar, çünki icra sözü olanda səlahiyyət çoxalır. Məsələn, adını vali və ya vilayət rəhbəri qoymaq mümkündür”.

Rayonların birləşdirilməsi məsələsinə gəldikdə isə ekspert bunun  çox ağrılı proses olduğunu vurğulayıb:

“Hesab edirlər ki, rayonlar birləşəndə məmur heyəti azalacaq. Lakin icra başçılarının səlahiyyəti azalandan sonra məmur heyəti onsuz da öz-özünə azalacaq. Ən yaxşısı bu yolu seçməkdir. Çünki rayonları birləşdirmək təzədən o qədər strukturlarda dəyişikliyi yaradacaq ki, müəyyən çətinlik ortaya çıxacaq. Sənədlərlə bağlı vətəndaş haraya getməli olduğunu seçə bilməyəcək və s.”.