Hövsandakı 180 yerlik uşaq bağçasının qapıları niyə bağlı qalıb?

Suraxanı rayonunun Hövsan qəsəbəsi yaxınlığında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən salınan yaşayış kompleksində 180 yerlik uşaq bağçasının qapısı bir ildir ki, bağlı qalıb.

Bununla bağlı şəhərcik sakinləri adından Bizim.Media-ya müraciət edən Qalib Əhədov bildirib ki, ərazidə bütün infrastruktur yaradılıb.

Geniş yollar, məktəb, uşaq oyun meydançaları, ticarət obyektləri və digər sosial obyektlər sakinlərin tam ürəyincədir.

Ötən ilin sentyabrında şəhərcikdə tikilən məktəb şagirdlərin istifadəsinə verildi. Lakin, körpələr evi-uşaq bağçasınınsa nəyə görəsə açılışı olmadı. Artıq bir ildir ki, 180 yerlik körpələr evi-uşaq baxçasının qapıları qıfıllı qalıb”.  

Qalib Əhədov daha sonra bidirib ki,”yerli sakinlər məcbur olub körpələrini Əhmədli və digər ərazilərdəki bağçalara aparırlar. Bu da əlavə vaxt itkisi və narahatlıq yaradır”. 

Problemin təfərrüatını öyrənmək üçün MİDA-ya sorğu göndərdik.
 Agentlik Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 dekabr 2021-ci il tarixli 3058 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.  

Bununla əlaqədar olaraq, Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində inşa olunmuş hər biri 90 yerlik 2 uşaq bağçasının Təhsil Nazirliyinin tabeliyinə verilməsi işləri hazırda həyata keçirilir və tezliklə yekunlaşacaqdır”.