Hökumətin nəzərində gündə 9 qr yağ yeyən adam yoxsul sayılmır - Ekspert danışır

Hökumətin nəzərində gündə 9 qr yağ yeyən adam yoxsul sayılmır -

“Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 65 faizdən çoxu məhz Azərbaycanın payına düşür”.

Bu sözlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin məqaləsində öz əksini tapıb. O qeyd edib ki, 2003-cü illə müqayisədə Azərbaycan iqtisadiyyatında 3 dəfədən çox artım qeydə alınıb:

“2003-2021-ci illər ərzində Azərbaycanda sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, qeyri-neft ixracı 5,2 dəfə, valyuta ehtiyatları 27 dəfədən çox artıb. 2003-cü ildə 1,8 milyard dollar valyuta ehtiyatlarına malik olan Azərbaycan hazırda bu göstəricini 53 milyard dollara çatdırıb ki, bu da birbaşa xarici dövlət borcunu 7,4 dəfə üstələyir. Yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Azərbaycan iqtisadiyyatına 280 milyard dollar həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir”.

Qeyd edək ki, yoxsulluq gündəlik əsas ehtiyaclarının hamısını və ya bir qismini qarşılamaq üçün kifayət qədər gəliri olmayan vəziyyətdir. Xüsusilə də qida, içki, sığınacaq və geyim kimi əsas ehtiyacları çətinliklə əldə etmək imkanı və çatışmazlığı yoxsulluq kimi müəyyən edillir. Ölkəmizdə bu gün gündəlik əsas ehtiyaclarını çətinliklə qarşılayan vətəndaşların sayı heç də az deyil.

Ancaq hazırda yoxsulluq səviyyəsinin 6 faiz göstərilməsi nə dərəcədə realdır? Ümumiyyətlə, ölkədə hökumət yoxsulluq kriteriyası olaraq nəyi əsas götürür və kimlər yoxsul sayılır?

“RegionNews.az” xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, 2000-ci illərin əvvəllərində Azərbaycanda rəsmi rəqəmlərə görə, yoxsulluq səviyyəsi 49 faiz olub ki, hazırda bu rəqəm 6 faizə düşüb:

“Bu, dəfələrlə səslənən bir tezisdir. Həmin rəqəm hesablama qaydalarına bağlıdır. Yaşayış minimumu, minimum istehlak zənbilinə bağlı olan məsələdir. Bunların hesablama qaydaları o qədər köhnəlmiş və qeyri-dəqiqdir ki, daha çox siyasi xarakter daşıyır. Minimum istehlak zənbili və yaşayış minimumu hesablanarkən aşağı rəqəmlər götürülür. Nəticə etibarilə həmin rəqəmlər üzərində maaş, təqaüd və sosial müavinət alanlar artıq yoxsul sayılmır. Əslində bu kriteriyalara yenidən baxılmasına ehtiyac var. Çünki yoxsulluqla, minimum yaşayış səviyyəsi ilə bağlı yeni hesablama qaydalarının yaradılmasına ehtiyac var”.

Ekspert deyib ki, ən son dəyişikliklər bir neçə il öncə Nazirlər Kabinetinin qərarı ilə olmuşdu:

“Burada hesablamalar zamanı çox aşağı normalar nəzərdə tutulur. Məsələn, ərzaq kalori ilə hesablanır. Gün ərzində- səhər, günorta, axşam yeməklərində 9 qram kərə yağı nəzərdə tutulur ki, bu, çox aşağı göstəricidir. Belə aşağı göstəricilərlə hesablama qaydaları aparılanda aşağı rəqəmlər alınır. Yaxud qeyri-ərzaq məhsulları növü üzrə də, məsələn, 3 ilə bir ayaqqabı, 5 ilə üst geyimi, gün ərzində cəmi 1 saat internetdən istifadə etmək kimi qaydalarla hesablanır ki, ona görə də aşağı rəqəmləri görmək mümkündür. Ona görə də yeni reallığa uyğun olaraq hesablama qaydası aparılsa, Azərbaycanda yoxsulluq həddinin kifayət qədər yüksək olduğu üzə çıxar. Bu, daha çox siyasi məsələ olduğundan iqtisadi və sosial məsələ olmaqdan çıxıb. Rəqəmlərin daha aşağı göstərilməsində hökumətin də siyasi marağı var. Dolayı hesablamalar mümkündür. Dünyada belə bir yanaşma da var ki, əhali gəlirinin 20 faizindən çoxunu ərzağa xərcləyirsə, bu, artıq yoxsulluq göstəricilərindən sayılır. İnkişaf etmiş ölkələrdə bu rəqəm 10-20 faiz arasında dəyişir. Azərbaycanda rəsmi rəqəmləri götürsək, əhali gəlirlərinin təxminən 51-52 faizini ərzağa xərcləyir. Bu, dolayısı ilə yoxsulluq göstəricilərindən biridir”.