Hökumətin GZİLİ BAHALAŞMA TAKTİKASI... - "Sahibkara diktə olunur ki, qiymət xırda pillələrlə artırılsın"

Hökumətin GZİLİ BAHALAŞMA TAKTİKASI... -

Azərbaycanda qida məhsulları bahalaşıb. Rəsmi statistikaya əsasən, 2021-ci ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrünə nisbətən qida məhsulları 5 faiz artıb. Bu ilin iyul ayında qida məhsulları əvvəlki ilin iyul ayına görə 6,4 faiz, əvvəlki aya nisbətən isə 0,4 faiz bahalaşıb. Cari ilin 7 ayında ötən ilin müvafiq dövrünə nisbətən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 5,1 faiz yüksəlib. İyulda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 6,4 faiz artıb.
Bəs, bu bahalaşmanın səbəbləri nədir və artım davam edəcəkmi?

İqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə xaricdən gələn ərzaq məhsullarının qiymətinə təsir edən amillərdən birinin gömruk rüsumları olduğunu deyib. O qeyd edib ki, digər amil isə rəqabətliyin zəif olması, yəni inhisarçılıqdır:

"Ərzaq məhsullarının bahalaşmasının bir çox amilləri var. Məsələn, həmin məhsula tələbatın çox olması, ancaq məhsulun bazarda az olmasıdır. Həmçinin, ölkədə gedən inflyasiya, pulun dəyərdən tədricən düşməsi, xaricdə həmin məhsulun baha olması, yerli vergi rüsumlarının yüksək olması, yanacağın bahalaşması və s. amillər daxildir. Məhsulun qiymətinin yüksək olmasına təbiətin şıltaqlığı, xəstəliklər kimi amillər də təsir edir. Sual yarana bilər. Azərbaycanda hazırda inflyasiya varmı? Bəli, var. Xarici valyutalara nisbətdə manat hələki stabil saxlanılır. Yuxarıda sadaladığım amilləri də bura əlavə etsək bəli, qiymət günbəgün qəpik-qəpik artır. Yəni birdən-birə artım cəmiyyəti sarsıtmasın deyə sahibkarların özlərinə də müəyyən qüvvələr tərəfindən diktə olunur ki, qiymət xırda pillələrlə artırılsın. Bildiyiniz kimi, qiymətin artması ölkədə vergi rüsumundan yığılan gəlirlərin artması deməkdir".

Ekspertin fikrincə, ərzaq məhsullarının bahalaşması hələ davam edəcək:

"Dünya bazarında da vəziyyət ürəkaçan deyil, qiymətlər davamlı şəkildə artır. Pandemiya dövründə istehsalın zəifləməsi, ərzaq məhsullarına tələbin azalmaması nəticəsində qiymətlər də qalxdı. İdxaldan asılı olan ölkələrdə həmin qiymət artımları daxili bazarda inflyasiya təzyiqini gücləndirir, o cümlədən Azərbaycanda. Həmçinin, pandemiya bir sıra şirkətlər üçün əlavə xərclər yaradıb. Hesab edirəm ki, bu istiqamətdə təşviq mexanizmlərindən istifadə edilərək bazarda təklif bolluğu yaradılmalıdır".