Hacıqabul sakinlərindən narkotik aşkarlandı - FOTO

Hacıqabul sakinlərindən narkotik aşkarlandı -

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Hacıqabul rayon sakini Rövşən Bağırov saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı oradan sellofan bükümlərdə olan narkotik maddə heroin və marixuana, eləcə də həyətyanı sahədən 4 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolu aşkar edilərək götürülüb.

Dindirilmə zamanı R.Bagirov evindən aşkarlanan narkotik maddə heroini tanışı Həsən adlı şəxsdən aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Həsən Axundov da saxlanılaraq istintaqa təqdim olunub.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Hüseyn Osmanov və Bəxtiyar Mikayılov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı isə hər birindən narkotik maddə - heroin aşkarlanıb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.