Həkimlər rayonlardan niyə QAÇAQ düşüb? - SƏBƏBLƏR

Həkimlər rayonlardan niyə QAÇAQ düşüb? -

Regionlarda ixtisaslı həkim çatışmazlığı məsələsi yenidən gündəmə gəlib. Belə kadrların işləməsi üçün maliyyə təminatının düzgün qurulmaması həkimlərin böyük hissəsini Bakıda cəmləyib.

Bu günlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov da rayonlarda həkim çatışmazlığı məsələsinə toxunub.

Azərbaycanın regionlarında çoxfunksiyalı mərkəzi xəstəxanaların yaradılmasının planlaşdırıldığını vurğulayan Araz Nəsirov insanların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi vacibliyini önə çəkib. O, bölgələrdə xəstəxanaların çox, həkimlərin isə az olduğuna işarə edib və ölkədəki səhiyyə işçilərinin 60 faizinin Bakıda cəmləşdiyini bildirib.

Zaman-zaman bu məsələ ciddi müzakirə predmeti olsa da, problemin kökü hələ də çözülməmiş qalır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri həkim Aydın Əliyevin fikrincə, regionlarımızdakı xəstəxanalar müasir tibbi avadanlıqlarla təmin olunduqca, tibb işçilərin maaşları artdıqca, paytaxtdan bölgələrə ixtisaslı həkim axını müşahidə olunacaq:

“Bölgələrdə hazırda icbari tibbi sığorta ilə işləyən xəstəxanalar, publik hüquqi şəxslər fəaliyyət göstərir. Həkimlərin sığorta əlavələrinin verilməsi ilə əlaqədar problemlər var. Fiks maaş isə təqribən 350 manatdır. O əməkhaqqı ilə isə indiki zamanda dolanmaq çox çətin məsələdir. Müasir texnologiyalı xəstəxanalar bölgələrdə var. Sadəcə tibbi kadrları stimullaşdırmaq lazımdır. Onların qalacaq yerlərini təmin etmək, maaşlarının ikiqat artırmaq, 5 il bölgədə işləyəndən sonra Bakıda işlə təmin etmək kimi imkanlar yaradılsa, həkimlər rayonlara niyə də getməsinlər”.

Aydın Əliyevin sözlərinə görə bölgələrə təyinat alan rezidentlər 3 il müddətində məcburi olaraq orada fəaliyyət göstərməlidirlər:

“Amma qalmayanları məcbur etmək olmaz. İnsanlar özlərinin maraqlarına uyğun alternativ yol tapır. Yəni insanın stimulu olmasa, göndərilən yerə getməməsi üçün mütləq bəhanə tapacaq. Öncə bu məsələni həll etmək vacibdir”. (dia.az)