Həbsdəki icra başçıları barələrindəki hökmə etiraz edirlər - DETALLAR

Həbsdəki icra başçıları barələrindəki hökmə etiraz edirlər -

Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyev barəsindəki hökmdən apelyasiya şikayəti verib. Şikayət Şirvan Apelyasiya Məhkəməsinə təqdim edilib. Yaxın vaxtlarda şikayət icraata götürüləcək.

Mahir Quliyev 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib. İstintaq orqanı Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edib. İş materialları Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və sabiq başçı 11 il azadlıqdan məhrum olunub. Məhkəmə Mahir Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq “Audi” markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb. Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub.

Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev də barəsindəki hökmdən narazı qalıb. 10 il azadlıqdan məhrum edilmiş İsmayıl Vəliyev külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. vəzifə cinayətlərində suçlu sayılıb. Onların şikayəti üzrə Şirvan Apelyasiya Məhkəməsində ilkin baxış iclası bu ilin fevralında baş tutub. Hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə vəkillər işin istintaqla qaytarılmasını istəyiblər. Vəsatət təmin edilməyib.

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Qoca Səmədov da barəsindəki qərardan narazıdır. Həbsdə olan Qoca Səmədovun kasasiya şikayəti Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı hələlik məlum deyil. Qoca Səmədov 2019-cu ilin noyabrınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. Şəki Apelyasiya Məhkəməsinin qərarına əsasən, Qoca Səmədovun cəzası 6 ilə endirilib.

Bir müddət əvvəl isə həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovla bağlı hökmə yenidən baxılıb.

Gəncə Apelyasiya Məhkəməsində, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə Nizaməddin Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun üzərinə həbs qoyulmuş 600 min manatlıq əmlakı ailəsinə qaytarılıb.

Sabunçu Rayon Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. İş üzrə proses Lənkəran Ağır Cinayətlər Məhkəməsində başlasa da, sonradan prosesin Bakıda, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında davam etdirilməsi qərara alınıb. Prosesə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyev sədrlik edir. İş üzrə şahidlərin dindirilməsi mərhələsidir.

Namiq Zeynalov 2020-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Namiq Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsində 16 il icra başçısı olmuş, 2020-ci ilin mayında həbs olunan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə proses davam edir. Hazırda məhkəmədə şahidlərin dindirilməsi mərhələsidir. Şahidlər, maddi-sosial durumları ağır olan İmişli sakinləri məhkəmədə deyiblər ki, yardım məqsədilə ayrılan vəsaitin çox az hissəsi onlara çatırdı. Deyirlər ki, hesablarına köçürülən vəsaitin əsas hissəsini İmişli Rayon İcra Hakimiyyətinin səlahiyyətliləri əllərindən alırdı.

İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədov iddia edir ki, hər ay icra hakimiyyətinə 3 min manat pul verirdi. Onun sözlərinə görə, bu vəsait icra hakimiyyətinə çatmasaydı, onun özünün işləməsi qeyri-mümkün olacaqdı: “Bilirsiniz ki, su qıtdır, İmişli də aqrar rayondur. Camaatı öyrədib üstümüzə salırdılar. Pul verməsək, işləmək mümkün deyil”.

Məhkəmədə sabiq icra başçısı ilə Mədəniyyət İdarəsinin müdiri Nazim Əzimov arasında ciddi mübahisə olub. V.Hacıyev idarə rəisinin öyrədilərək ona qarşı yalan ifadələr verdiyini iddia edib. Əzimov deyir ki, Mədəniyyət İdarəsinin rəisi təyin olunanda icra başçısı ondan nə pul istəyib, nə də pul alınıb. Amma sonradan işlədiyi müddətdə idarənin təmiri üçün köçürülən 31 min manatdan artıq vəsaiti icra hakimiyyətinə verib.

Vilyam Hacıyev isə şahidə deyib: “Allahla danış, dəhşətə gəlirəm ki, insan belə yalanları necə uydura bilər?! Öz aranızda cinayət eləyib yeyib-dağıtmısınız, indi də mənim üstümə atırsınız”.

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygölün, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Elə bu vəzifədə işləyərkən 2020-ci ilin mayında həbs olunub. Külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və başqa əməllərdə suçlanan sabiq icra başçısı özünü təqsirli bilmir, həbsinin sifarişli olduğunu deyir. Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 311 (rüşvət alma) və başqa maddələrlə ittiham olunur. Ona ittiham verilən maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 64 yaşlı Vilyam Hacıyev milyonlarla manat büdcə vəsaitinin yeyintisində ittiham olunur. İttihama görə, o, xəstəxanaya, Mədəniyyət İdarəsinə, sosial sahəyə ayrılan vəsaitləri mənimsəyib. Vilyam Hacıyev qanunsuz silah saxlamaqda da ittiham olunur.

Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və digərləri də barələrində olan hökmdən narazıdırlar. Onlar şikayətlərini bu ilin fevralında Şirvan Apelyasiya Məhkəməsinə təqdim ediblər. Ceyhun Cəfərov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb. Aparılan istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunub ki, Ceyhun Cəfərov 16 aprel 2014-cü il tarixdən 20 avqust 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən birinci müavini Tacəddin Novruzov, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif tabe qurumlara məxsus olan külli miqdarda pul vəsaitlərini mənimsəmiş, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət qurumlarından, bir sıra özəl müəssisələrdən külli miqdar təşkil edən pul vəsaitlərini rüşvət qismində almış, habelə həyata keçirilmiş tikinti işləri ilə bağlı verdiyi qanunsuz sərəncamlar nəticəsində torpağın üst münbit qatına ağır nəticəli ziyan vurulmasına səbəb olub. İş üzrə toplanan sübutlar əsasında Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. İstintaq zamanı, həmçinin, yol verdikləri korrupsiya hüquqpozmaları ilə bağlı cinayətkar qruplaşmanın digər üzvləri - Kürdəmir rayonunun Yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqov, Mənzil İstismar sahəsinin rəisi Sərvər Məmmədov, Kommunal Müəssisələr kombinatının direktoru Məhəmmədəli Surxayev, rayon mərkəzi xəstəxanasının direktoru Eynulla Novruzov, həmin tibb müəssisəsinin baş həkimi Məhəmməd Musayev, eləcə də rayonun Təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev və baş mühasibi Rəcəb Hüseynova 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib. Cinayət işinin ibtidai istintaqı zamanı vurulan maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev, Rəcəb Hüseynovun hər biri 8 il üç ay, Emin Sadıqov 4 il, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Təqsirləndirlilən Məhəmməd Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.

Hesablamalara görə, bu günə qədər həbsə alınan icra başçılarının vurduqları ziyan və aldıqları rüşvət üst-üstə milyardlarla manatı aşır.
“Yeni Müsavat”