Göyçayda heyrətamiz qanunsuzluq - yolu, qaz və su borularını dağıdan kimdir?

Göyçayda heyrətamiz qanunsuzluq -

İşbazlar rayonda dövlətə və əhaliyə böyük ziyan vurur, cinayət xarakterli əməl törədirlər - yerin altında qanunsuz "sərvət" axtarışı...

Tamahın sərhədi olmazmış. Hansısa işbazın, yarıtmaz, ziyankar məmurun əl atdığı qanunsuzluqların forması, ağlasığmaz talançılıq metodları haqda mətbuatda zaman-zaman yazılıb.

Amma Göyçay rayonunun Potu kəndində (de-fakto qəsəbə tipli, şəhərə bitişik yaşayış məntəqəsidir) bu günlərdə baş verən hadisə heyrət doğurur.

RegionNews.az xəbər verir ki, Kənd sakinlərinin Musavat.com-a verdiyi məlumata görə, bir neçə gündür kimsə kəndin İrəvanlılar məhəlləsi adlanan hissəsində əsas yolu qazıb dağıdır, yerin altında "sərvət" axtarır.

Kənd sakinləri deyir ki, qazıntının məqsədi 1970-ci illərdə çəkilmiş, uzun müddətdir istifadəsiz qalan yeraltı su borularını yerin altından çıxarıb satmaqdır: "30 ildən çoxdur həmin borular istifadəsiz idi, çünki yeni xətlər çəkilmişdi. Yol təsərrüfatına ziyan vurulmasın deyə, köhnə, deşilmiş boruları elə yerin altında saxlamışdılar. İndi kimsə yolu qazıb dağıdır, o boruları çıxarıb metal kimi daşıtdırıb, satır. Bunu kim edir, bilinmir. Traktorçu, sürücü və fəhlələr deyir ki, biz heç nə bilmirik, deyiblər qazın çıxarın, qazırıq. İşin üstündə duran bir adam var, ad-soyadı, statusu bəlli deyil, künc-bucaqda gizlənir, müşahidə edir. Ona yaxınlaşan kimi maşını sürüb, qaçıb gedir. Kimsə onu yaxalayanda hədə qorxu gəlir. Kor-təbii və qanunsuz aparılan qazıntı işləri zamanı kəndin bir neçə il öncə çəkilmiş yeni qaz borusunu bir neçə yerdən qırıblar. Kənd qazsız qalıb. Borunu skoçla, lentlə sarıyıblar. 

Qaz borusu qazıntı işləri aparılan yerin 1 metrliyindən keçir. Zədələdikləri hissələrin üstünü yalandan sarıyıblar, içərisinə su dolur. Yeni su borularını da zədələyirlər, qırırlar, yararsız hala salırlar. Çünki yeni su xətti köhnə borunun üstündədir. Su qazılmış xəndəkdə toplanır, zədələnmiş qaz borusuna da dolur. Həmçinin, kəndin onsuz da bərbad durumda olan yollarına indi sanki bomba düşüb, darmadağın edilib, keçilməz olub. Qaz borusunu zədələyəndə Qaz İdarəsinin rəhbərliyi gəlib etirazını bildirdi, akt yazdı. Ancaq qazıntı işləri dayanmadı, biz sakinləri də vecinə alan yoxdur. Bu qanunsuzluğu, faktiki cinayət xarakterli əməli törədən, dövlətə, əhaliyə böyük ziyan vuran kimlərdir? Onların cəzalandırılmasını, yol, su, qaz təsərrüfatına vurduqları ziyanı tam aradan qaldırmalarını, bərpa etmələrini tələb edirik. Kənd sakinləri yığışıb prokurorluğa şikayət ünvanlayacağıq".

İlkin dəqiqləşdirmələrimiz zamanı bəlli olub ki, Göyçay rayonu ərazisində müxtəlif məhəllələrdə iki ilə yaxındır hansısa işbaz yerin altında istifadəsiz olan boruları bu cür qanunsuz şəkildə çıxarıb satır. Məlumata görə o borular nerj tərkiblidir, adi dəmir deyil, bahalı materialdır, 1960-70-ci illərdə istifadə olunub. İndi hansısa görməmiş məmur məhəllələrdə yol, su, qaz təsərrüfatlarını dağıtmaqla onları qazıb çıxarıb, pula çevirir. Qaz İdarəsinin rəhbərliyi gəlib işi dayandırmağı, qaz xəttini zədələməməyi tələb edir, amma ona da məhəl qoymurlar.  

Belə təsəvvür yaranır ki, hansısa görməmiş artıq talamağa bir şey tapmadığı üçün yerin altında qalmış boruları qazıb çıxarıb satır, bu zaman isə dövlətə külli miqdarda ziyan vurur, infrastrukturu məhv edir, qaz, su borularını qırıb tökürlər, əhaliyə isə problemlər yaradırlar.

Dövlət xərc çəkir, qaz, su boruları çəkir, hansısa işbaz isə onları dağıdır. Prezident İlham Əliyevin çıxışlarında məmurlara "əhalini incitməyin" xəbərdarlığına da bu adamlar məhəl qoymur. 

ee13eae8-b1b5-4fcf-bc78-c2ec3840630d.jpg (275 KB)

c075b510-bf36-49e5-8465-c1abe097ce55.jpg (74 KB)

Qırıb, sonra lentlə bağladıqları su borusu

72f04efe-2cbe-430a-ba50-36c76ac899b6.jpg (305 KB)

Çıxarıb satmağa aparılan borular

cfc7414b-0b2c-44d1-9be7-27c5634ac7dc.jpg (245 KB)

3be1dfe5-1dd4-4d69-bfd0-a85ff42a8ec4.jpg (201 KB)

Skoçla bağlanan qaz borusu

76db1bff-9c67-4b05-9535-b25c8532dc67.jpg (339 KB)