"Gah deyirlər pul yoxdur, gah usta, gah da material tapılmır..." Vətəndaş GİLEY EDİR, Gəncə RİH isə...

"Gah deyirlər pul yoxdur, gah usta, gah da material tapılmır..."

“Vətən müharibəsi dövründə ermənilər tərəfindən Gəncə şəhərinin bombalanması zamanı evim yararsız hala düşüb. Bir ildən çoxdur ki, kirayədə qalıram. Nə kirayə ödənişi ala bilirəm, nə də evim təmir olunur ki, gedib yaşayım”.

Bu şikayətlə “Qafqazinfo”ya Gəncənin Samir Xasıyev küçəsi, döngə 8, ev 28 ünvanında yaşayan zərərçəkmiş Elvin Əliyev müraciət edib.

Onun sözlərinə görə, yaşadığı küçə ötən il oktyabrın 17-də bombalanıb, hələ də təmir bitmir: “Bomba yaşadığımız evdən təxminən 10 metr aralıya düşüb. 4 otaqdan ibarət evimiz tamamilə yararsız hala düşdüyündən məcburən kirayəyə köçdük. Bizim küçədə 20 nəfərə yaxın zərərçəkmişə kirayə pulu verilsə də, o vaxtdan bizə kirayə haqqı ödənməyib. Təmir-bərpa işləri isə çox ləng gedir. Gah deyirlər pul yoxdur, gah usta, gah da material tapılmır”.

Şikayətçi iddia edir ki, Ermənistanın təcavüzü nəticəsində ziyan dəymiş yaşayış evləri üzrə hər ailəyə 1000 manat məbləğində ödəniş olunsa da, həmin ödənişdən də kənarda qalıblar.

Vətəndaşın problemi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Bildirildi ki, artıq vətəndaşın evində təmir yekunlaşıb. Kirayə haqqı və kompensasiya isə ödənilib: “Zərərçəkmiş Əliyev Elvin Hüseyn oğlunun hesabına 2020-ci il dekabrın 28-də 1000 AZN ödəniş olunub. Bu il sentyabrın 9-da isə 5 min manat köçürülüb. Yəni vətəndaş zərərçəkmiş ailələrə verilən kompensasiyanı alıb. Həmçinin ev kirayəsi də ödənilir”.