Gəncə Olimpiya Kompleksinin yeni direktoru GİLEY ETDİ - “Bərbad vəziyyətdir, borclar da həddindən artıq çoxdur”

Gəncə Olimpiya Kompleksinin yeni direktoru GİLEY ETDİ -
“İndi qarşımızda duran əsas iş vətəndaşların olimpiya hərəkatına qoşulmasına şərait yaratmaq, nəinki yeniyetmə gənclərin, eləcə də hər kəsi idmanla mütəmadi məşğul olmağa cəlb etməkdir”.
“RegionNews.az” xəbər verir ki, bu fikirləri Bizim.Media-ya eksklüziv müsahibəsində Gəncə Olimpiya Kompleksinin yeni təyin olunmuş direktoru İntiqam Hüseynov söyləyib.

O, bildirib ki, bunun üçün birinci növbədə kompleksdə şəraiti yaxşılaşdırmaq lazımdır:

- Kompleks 20 il bundan qabaq tikilən bir bazadır. Bir qədər də uzun müddət baxımsızlıq ucbatından binada şəraitsizlik hökm sürür. Burada heç vaxt əsaslı təmir aparılmayıb. Məqsədimiz buranı canlandırmaqdır.

Yəqin ki, Gənclər və İdman Nazirliyinin rəhbərliyi də binanın əsaslı təmir olunmasında bizə yardımçı olacaq. Biz kompleksə bütün olimpiya növləri üzrə məşqçilərin cəlb olunmasını reallaşdırmağa çalışacıq.

Yaxın gələcəkdə bu kompleksdə əsaslı üzgüçülük bazası yaratmağı planlaşdırırıq. Onu da qeyd edim ki, bu üzgüşülük hovuzu regionda beynəlxalq standartlara uyğun gələn və yarışların keçirilməsi üçün uyğun gələn yeganə üzgüçülük hovuzudur.

- Sizin təyinatınızdan qabaq yəqin ki, Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə görüşünüz olub və hansısa tələblər qarşınıza qoyulub?

- Burada sağlam abu-hava, sağlam kollektiv yaradılmalıdır. Gəncə Olimpiya Kompleksində nəticə verəcək idmançıların yetişdirilməsi əsas qarşımıza qoyulan tələblərdən biridir. Yəni burada peşəkar məşqçi-müəllim kollektivi ilə yanaşı, həm yeniyetmə gənclərin və ümumiyyətlə yaşından asılı olmayaraq vətəndaşların sağlam həyata, idmana cəlb edilməsi ilə yanaşı, həm də Azərbaycan bayrağını dünya idman arenalarında yüksəklərə qaldıran peşəkar idmançılar yetişdirməliyik.

Məsələn kompleksin üzgüçülük hovuzu hazırda fəaliyyət göstərir. Təbii ki, bu ödənişlidir. Lakin biz həmin üzməyə gələnlər arasında bacarıqlı və qabiliyyətli, yüksək nəticələri olan həvəskarlardan əsl idmançılar yetişdirməyə çalışacağıq.

Bunun üçün artıq ilkin addımları atmışıq. Bu yaxınlarda bir neçə idman ustası dərəcəsi olan məşqçiləri işə götürmüşük. Onlar Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkil etdiyi beynəlxalq seminarlara qatılıblar.

- Hazırda komplekdə neçə seksiya fəaliyyət göstərir? Bütün növlər üzrə məşqçilər varmı?

- Bu gün kompleksdə idman sektorlarının fəaliyyət göstərməsi üçün lazımi şərait yoxdur. Bildiyiniz kimi kompleks təsərrüfat hesablı olduğu üçün burada idman seksiyaları tələbata uyğun yaradılır. Əgər kompleksin şəraiti tam standartlara cavab verən şəkildə olsa, bütün olimpiya növləri üzrə bölmələr yaratmaq olar.

Məsələn şəraitə uyğun üzgüçülük, cüdo, güləş, karate, taekvando, basketbol, voleybol, bədii gimnastika və digər idman növləri üzrə bölmələr yaratmağı nəzərdə tutmuşuq. Təbii ki, kompleks əsaslı təmir edildikdən sonra bu deyilənləri reallaşdırmaq mümkündür.

- Kompleksin sizə miras qalan ən böyük problemləri hansılardı?

- Tam təhvil təslim işləri başa çatmadığından ona görə bu barədə tam məlumatım yoxdur. Amma ümumilikdə onu deyə bilərəm ki, kompleksin qaz, su və elektrik enerjisi daşıyıcılarının pullarının ödənilməsi ilə bağlı böyük çətinliklər var.

Burada bu təhcizat növləri üzrə sistemlər köhnə olduğundan çox bərbad vəziyyətdədir. Kompleksin fəaliyyəti zəif olduğundan müxtəlif qurumlara borclar yaranıb. Təbii ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu problemlərin sistematik şəkildə aradan qaldırılmasına çalışacağıq.

- Əsaslı təmir başlayana qədər hansı işləri görməyi planlaşdırırsınız?

- Əsaslı təmir başlayana qədər öz gücümüz hesabına bəzi cari təmir işlərini reallaşdırmağa çalışırıq. Bildiyiniz kimi uzun müddət duş kabinələri sıradan çıxıb və idmançılar üçün əsas vacib olan bu məsələnin həll olunmasına çalışırıq.

Bundan başqa bəzi yerlərdə xırda rəngləmə işləri aparırıq. Təbii ki, bununla tam gücü ilə işləmək mümkün deyil. Lakin imkan daxilində çalışacağıq ki, kompleksin fəaliyyətini lazımi səviyyəyə yüksəldək.